Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

realizm

lat. realis – olduğu kimi, həqiqi

Ədәbiyyat vә incәsәnәtdә həyat hadisələrinin olduğu kimi təsvir edilməsini nəzərdə tutan bədii metod.

İstənilən bədii əsərdə iki element özünü göstərir: real həyatda mövcud olan ob­yek­tivlik, müəllif yanaşması və ifadə tərzi ilə ortaya çıxan sub­yektivlik. Hәyat hadisәlərini seçmәk, qiymәtlәndirmәk vә tipik hadisəlәr kimi tәqdim etmәk sәnәtkarın hәmin ha­di­sәlərә hansı nöqteyi-nәzәrdәn yanaşması ilә bağlıdır. Realizm üçün obyektivlik əsasdır; müəllif mövqeyi heç bir halda onu təhrif etməməlidir. Burada fakt və hadisələrin ideallara uyğun deyil, real təsviri tələb olunur. Realizm müxtәlif dövrlәrdә, müxtəlif xalqların ədəbiyyatında yeni və fərqli keyfiyyətlər kəsb edib. O, әdəbiyyatda yeni әdəbi formaların, xüsusilə roman və dramın, eləcə də satiranın daha da inkişaf et­mә­sində mühüm rol oynayıb. D.Defo “Robinzon Kruzo” әsәri ilə ingilis realist romanının bünövrәsini qoyub. Ədə­biy­ya­tımızda realizm bədii yaradıcılıq metodu olaraq XVIII əsrdən M.P.Vaqif yaradıcılığı ilə başlayıb. XIX əsrin ortalarında M.F.Axund­zadənin şəxsində maarifçi realizm cərəyanı ya­ra­nıb. C.Məm­mədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ö.F.Ne­man­zadə, Ə.Qəmküsar, Ə.Nəzmi və M.Möcüzün timsalında tənqidi realizm yaranıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

remarka

fr. remarque – qeyd

Pyeslərdə hadisənin hansı şəraitdə baş verdiyini, personajların davranışını və xarici görkəmini səciyyələndirən şərh.

Remarka əsərin tamaşa zamanı səsləndirilməyən, yalnız oxucu və ya əsəri səh­nə­ləşdirən rejissor üçün nəzərdə tutulan hissəsidir. Remarka həmişə nəsrlə yazılır və əsərin süjet xəttinə aid olmur. Dra­matik əsərin pərdələri, şəkilləri arasında, eləcə də pərdə və dialoq daxilində də verilə bilər. Dram, komediyafaciə janrlarının hər üçündə remarkadan istifadə oluna bilər. Ədə­biyyatımızda remarkadan ilk dəfə M.F.Axundzadə istifadə edib: Əvvəlinci məclis, Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, Novruz bayramından bir gün keç­miş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır (“Hekayəti-müsyö Jordan...”, I pərdə).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rәcәz

ər. – lovğalanmaq, qürur

1) Əruz vəzninin bəhr­lə­rindən biri.

Rəcəz bəhrinin əsas təfiləsi belədir: Müstəf’ilün Müstəf’ilün Müstəf’ilün Müstəf’ilün; məsələn:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,

Gövhəri laməkan mənəm, kövnü-məkanə sığmazam. (İ.Nəsimi)

2) Klassik ədəbiyyatda döyüş və güləşmədən əvvəl pəh­lə­van­ların üz-üzə durub oxuduqları şeir.

Belә şeirlәrdә aşıq poe­­zi­ya­sındakı hərbə-zorbanın da müәyyәn ünsürlәri nәzәrә çarpır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rәdif

Seirdə qafiyələnən misraların sonunda, qafiyə yaradan sözdən sonra təkrarlanan söz və ya ifadə.

Epiforik təkririn bir növü olan rədif şeirdə ahəngi qüvvətləndirir, qafiyəni daha da zənginləşdirir, şeirin təsir gücünü artırır:

Ov kеçdi bərədən, ata bilməzsən,

Uçdu gеtdi əldən, tuta bilməzsən,

Yеrisən, yüyürsən, çata bilməzsən,

Görürsən ki, baxtın yatdı, sən də yat. (Aşıq Ələsgər)

Nümunədə “bilməzsən” rədifdir, “ata”, “tuta”, “çata” isə qa­fiyə təşkil edən sözlərdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rəməl

ər. – əzəmət, vüqar

Əruz vəzninin bəhrlərindən biri.

Rəməl bəhri həzəcdən sonra Azərbaycan şeirində ən çox işlədilən bəhr hesab olunur. Rəməlin 13 növü olduğu göstərilir. Bu bəhrin əsas təfiləsi belədir: FailAtün FailAtün FailAtün FailÜn; məsələn:

Qılsa vəslin şamım sübhə bərabər, yox əcəb;

Rəsmdir fəsli-bəhar olmaq bərabər ruzü şəb.

Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var;

Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb. (M.Füzuli)

Ədəbiyyatımızda bir çox məşhur şeirlər: “Ayrılır” qəzəli (İ.Nəsimi, Ş.İ.Xətai), “Əql yar olsaydı” qəzəli, “Padişahi-mülk” qitəsi (M.Füzuli), “Görmədim” müxəmməsi, “Bax” qəzəli (M.P.Vaqif), “Necə həmtay tutum...” qəzəli (S.Ə.Şirvani), “Səttərxana” müsəddəsi (M.Ə.Sabir) rəməl bəhrindədir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rəsmi-işgüzar üslub

Rəsmi və işgüzar sənədlərin dilinə xas olan, standart formalara əsaslanan funksional üslub.

Rəsmi-işgüzar üslubun inkişafı dövlətçilik və müstəqillik ənənələrinin getdikcə inkişaf etməsi ilə bağlıdır. Rəsmi sə­nədlərə konstitusiya, qanun, qərar, məcəllə, sərəncam, fər­man, əmr və s. daxildir. İşgüzar sənədlərin əsas növləri isə ərizə, tərcümeyi-hal, elan, bildiriş, arayış, akt, protokol, izahat və s.-dir. Rəsmi-işgüzar üslubun əsas xüsusiyyətləri: 1. Fikir müəyyən standart formalarda və yığcam şəkildə verilir. 2. Ob­razlı ifadələr işlədilmir. 3. Fərdi nitq ünsürlərindən qaçılır. 4. Şifahi forması olmur. 5. Şəxssiz cümlələrdən geniş istifadə olunur. 6. Ədat, modal söz, nida kimi köməkçi nitq hissələrinə nadir hallarda müraciət olunur. 7. Lüğət tərkibi və sintaksisi yığcam və məhduddur. 8. Arxaik leksika və əski (köhnə) sintaktik konstruksiyalar uzun zaman qorunub saxlanılır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rәvayәt

Epik folklor janrlarından biri: tarixi şəxsiyyətlər və hadisələr haqqında əsər.

Mifologiya ilə sıx bağlı olan əfsanədən fərqli olaraq rәvayәtin süjeti əsasında xalqın bədii təfəkkür süzgəcindən keçmiş, yüksək bədii şərtiliklə səciy­yələnən tarixi fakt dayanır. Bu faktlar ağızdan-ağıza keçərək tarixi dəqiqliyini xeyli dərəcədə itirərək rәvayәt şəklinə düşür. Lakin tarixi şəxsiyyətlərin əsas qəhrəman kimi çıxış etdiyi nağıllardan fərqli olaraq bu bədii şərtilik fantastika səviy­yəsinə çatmır. Rәvayәtlər, adətən, “Rəvayətə görə”, “Deyilənə görə”, “Belə rəvayət edirlər ki” kimi ifadələrlə başlayır. Elmi ədəbiyyatda rәvayәtlərin iki növü qeyd edilir: tarixi şəx­siyyətlərlə bağlı rəvayətlər (“Teymurləng”, “Nəsimi”, “Xətai”, “Füzuli”) və yer adları ilə bağlı rəvayətlər (“Qarı dağı”, “Sınıq körpü”, “Bibiheybət”, “Şuşa”, “Xatın arxı”). C.Cabbarlı “Qız qalası”, M.Müşfiq “Çoban”, S.Vurğun “Aslan qayası” poe­ma­larının, İ.Əfəndiyev isə “Qarı dağı” hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürüb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ricət

Epik əsərlərdə sənətkarın süjetə subyektiv müdaxiləsi; lirik haşiyə.

Ricətdə sənətkar hadisələrə, əhvalatlara, yaxud surətlərə şəxsi münasibətini ifadə edir. Ricətlər bədii əsərdə təkcə müəllifin dilindən deyil, obrazların dilindən də verilə bilər. M.Füzuli “Leyli və Məcnun” poemasında lirik ricətlərin gözəl nümunələrini yaradıb. Bu əsərdə qəzəl, qəsidə, rübaimürəbbe janrlarına müraciət etməklə ricətlər verilib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ritm

lat. rhythmus – süzülmək, cərəyan etmək, axmaq

Şeir­də səs və pauzaların müntəzəm təkrarı vasitəsilə yaranan ahəngdarlıq; vəzn.

Daha çox musiqişünaslığa aid olan “ritm” termini vəznlə müqayisədə daha ümumi anlayışdır. Əgər şeir vəzninin növləri hecaların sayına, yaxud vurğulu və vurğusuz (uzun və qısa) hecaların müəyyən qaydada növbələşməsinə görə müəyyənləşirsə, ritmin yaranmasında hecadan başqa, durğutəqtilər, fonetik və leksik təkrirlər və s. də nəzərə alınır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

romantizm

fr. romantisme

Ədәbiyyat vә incәsәnәtdә həyat hadisələrini yüksək ideallar prizmasından əks etdirən bədii metod.

XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Avropa və Amerika ədəbiyyatında klassisizmi inkar edən ideya-bədii istiqamət kimi yaranıb. Lakin bir çox ədəbiy­yat­şünasların fikrinə görə, elə bir estetik istiqamət, ədəbi cərəyan, hətta bədii əsər yoxdur ki, orada bu və ya digər dərəcədə romantik əhvali-ruhiyyə özünü göstərməsin. Bu baxımdan roman­tizm ədəbiyyatda realizmə qarşı qoyulan bədii metod kimi qəbul edilib. Romantizmdə həyat hadi­sələrinə yazıçının subyektiv münasibəti üstünlük təşkil edir, real hadisələrdən daha çox, ideal hesab olunan hadisə, yaxud cəhətlər ön plana çəkilir. Romantizm  daha çox sәnәtkarın arzu etdiyi xәyali hәyatın, xəyali surәtlәrin tәsvirinә әsaslanır. Azərbaycan ədə­biyyatında bu cərəyanın əsas nü­ma­yən­dələri M.Hadi, H.Ca­vid, A.Səhhət, A.Şaiq və b. olublar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rübai

Şәrqdә geniş yayılmış dördmisralı bənddən ibarət lirik şeir; birbəndli dördlük.

Rübai dərin ictimai, fəlsəfi və əxlaqi məzmuna malik olur; məsələn:

Elm ilə, ədəblə tapılır şərəf,

Mirvari olmasa, nə lazım sədəf?

Fürsətin var ikən sən işsiz qalma,

Boş yerə ömrünü gəl etmə tələf. (M.Füzuli)

Rübainin özünəməxsus ahəngi, vəzni vardır. Qafiyə quruluşu a.a.b.a şəklindədir. Dünya әdәbiyyatında rübainin klassik nümunәlәrini Ömәr Xәyyam yaradıb. Azərbaycan şeirində bu janrın mahir ustası XII əsr şairi Məhsəti Gəncəvidir. Müasir dövrdə də bir sıra şairlər bu janra müraciət edirlər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti