yun. phantastike – təsəvvür, təxəyyül bacarığı
Gerçəkliyin irrasional, mistik, fövqəltəbii şəkildə təsviri.
F.-ya xas olan əsas cəhətlər bədii şərtiliyin yüksək dərəcəsi, təsvir olunan gerçəklikdə real məntiqi əlaqənin və obyektiv qanunauyğunluğun pozulmasıdır. Bununla yanaşı, F., sadəcə, “təxəyyül sərbəstliyi” deyil; yazıçının qələmə aldığı fantastik dünyada oxucunun real aləmdə qarşılaşdığı sosial fenomenlər və mənəvi dəyərlər aydın sezilir. F.-nın poetikası real aləmin ikiləşməsi ilə bağlıdır. Burada baş qəhrəman ya tamamilə mistik, qeyri-adi bir aləmə düşür (məsələn, C.Sviftin “Qulliver”ində və ya L.Kerrollun “Alisa möcüzələr ölkəsində” əsərlərində olduğu kimi), ya da o, fantastik, irreal hadisələrlə üzləşir (H.Uelsin “Görünməz adam” və ya Anarın “Əlaqə” povestlərində olduğu kimi). Fantastik obrazlılıq şifahi və yazılı ədəbiyyatın bütün dövrlərində müxtəlif janrlarda (nağıl, əfsanə, epos, qrotesk, satira və s.) bu və ya digər dərəcədə özünü göstərib.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti