Şifahi xalq әdәbiyyatında epik növün geniş yayılmış janrı.
Nağılda xeyirlə şərin, haqla nahaqın mübarizəsi əks olunur. Nağıllar mövzu və bədii şərtiliyin dərəcəsi baxımından məişət nağıllarına və sehrli nağıllara bölünür. Bəzən bu təsnifata tarixi nağıllar da əlavə edilir. Lakin tarixi şəxsiyyətlərin (Şah Abbas, İsgəndər Zülqərneyn və b.) əsas qəhrəman kimi çıxış etdiyi bu nağıllarda bədii şərtilik tarixiliyi xeyli üstələyir. Nağıllar, bir qayda olaraq, pişrov adlanan və nəzm şəklində olan kiçik müqəddimə ilə başlanır. Pişrov nağılın süjeti ilə səsləşmir, dinləyicinin diqqətini cəlb etmək məqsədilə deyilir. Nağılın giriş və sonluq (nağılsonu) hissələrində bu janr üçün xarakterik olan bir sıra standart ifadələr işlədilir: “Biri varmış, biri yoxmuş...” (başlanğıcda), “Göydən üç alma düşdü...” (sonda) və s. Əsas hissədə də təhkiyənin axıcılığını, hadisələr arasında əlaqəni təmin etmək üçün müəyyən standart ifadələr və üslubi fiqurlardan istifadə olunur: “Nağıl dili yüyrək olar”, “Az getdi, üz getdi, dərə, təpə, düz getdi”, “Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi”, “Orda ayla, illə, burda müxtəsər dillə”, “Bu qalsın burda, sənə kimdən deyim...” və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti