Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əfsanə

Şifahi xalq ədəbiyyatının epik janrlarından biri; mifik-fantastik ünsürlərin yer aldığı nəsr əsəri.

Epik növün ən qədim janrlarından biri olan əfsanələrdə xalqın əski dünyagörüşü, düşüncə tərzi ifadə olunur. Əfsanənin əsatir, rəvayətsehrli nağıllarla fərqli və oxşar cəhətləri var. Bu janrların hamısında yüksək dərəcədə bədii şərtilik özünü göstərir. Rəvayətdən fərqli olaraq əfsanənin əsasında həqiqət kimi qələmə verilən bir möcüzə, fantastik obraz və ya təsəvvür dayanır; burada qeyri-adi, fövqəltəbii əhvalat və hadisələr təsvir olunur; insan quşa, heyvana, səma cisminə çevrilir, təbiət varlıqları və hadisələri özlərini insan kimi aparır. Əsatirlə əfsanənin əsas fərqi isə obrazların ideya-estetik xüsusiyyətlərindədir. Əsatir qəhrəmanları daha çox ilahi qüvvələrdirsə, əfsanə qəhrəmanları insanlar, təbiət varlıqları, səma cisimləridir, lakin onlar fövqəltəbii hərəkətlər edir, möcüzələr yaradır və ya möcüzə obyekti olurlar. Məsələn, əsatir qəhrəmanı dəniz tanrısıdırsa, əfsanə qəhrəmanı dənizin özüdür, lakin o, dil açıb danışır, sevinir, ağlayır. Əfsanədəki fantastikanın estetikası sehrli nağıllardan da fərqlidir. Burada div, əjdaha kimi fantastik obrazlar olmur, insanlar, təbiət varlıqları və səma cisimləri özləri fövqəltəbii gücə malik olurlar. Bir çox əfsanələrdə bu varlıqların möcüzəli şəkildə yaranışından bəhs edilir. Şifahi xalq ədəbiyyatımızda “Maral”, “Qu quşu”, “Dəmirqaya”, “Oğuz”, “Günəşlə Ay” və s. əfsanələr var. Əfsanələr mövzu baxımından dörd növə bölünür: zoonimik əfsanələr, toponimik əfsanələr, etnonimik əfsanələr, kosmoqonik əfsanələr.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti