Əməli yazı növlərindən biri: hər hansı tədbirdə baş verənlərin, eləcə də hər hansı faktın, hadisənin qeydə alındığı sənəd.
Protokolun müxtəlif işlənmə məqamları vardır: 1) iclasda, müşavirədə söylənilən çıxışları və çıxarılan qərarları əks etdirmək üçün tərtib edilən protokol; 2) hər hansı bir ictimai qaydanın, qanunun pozulması ilə əlaqədar (məs.: yol hərəkəti qaydaları) tərtib edilən protokol; 3) saziş və ya müqavilənin detallarını əks etdirmək üçün tərtib edilən və əsas sənədə əlavə edilən protokol. İclasda, müşavirədə tərtib edilən protokolun tərtibat forması:
1. Vərəqin ortasında protokol və onun nömrəsi böyük hərflə yazılır.
2. Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunur.
3. İclas iştirakçılarının sayı göstərilir.
4. Gündəlik məsələlər (ayrı-ayrı bəndlər üzrə) qeyd olunur.
5. Vərəqin ortasında böyük hərflə “Eşidildi” sözü yazılır, müzakirə edilən məsələ şərh olunur.
6. “Çıxışlar” sözü böyük hərflə vərəqin ortasında yazılır, edilən çıxışların qısa məzmunu qeyd olunur.
7. İclasda qəbul olunmuş qərarlar hər bir bənddən sonra “Qərar” sözü böyük hərflə yazılmaqla əmr cümlələri şəklində ifadə olunur.
8. Protokolun sonunda iclasın sədri və katibi imza qoyur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti