Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dördlük

Folklorda, klassik və müasir şeirimizdə bəndi dörd misradan ibarət olan birbəndli və çoxbəndli poetik forma.

Dördlük folklor ədəbiyyatında işlənməyə başlayıb. Qoşma, gəraylı, təcnis, bayatı, varsağı, divani şeir şəkilləri dördlüyə daxildir. Yazılı ədəbiyyatda işlənən dördlüklər, əsasən, mürəbbe, rübai, tuyuq, taziyanə və başqalarıdır. Dördlük birbəndli və çoxbəndli olur. Əsasən, 3, 5 bənddən ibarət olan dördlüklər (qoşma, gəraylı, təcnis, mürəbbe, divani və s.) çoxbəndli dördlüklər hesab olunur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dram

yun. dram – hərəkət

1) Bədii ədəbiyyatın üç əsas növündən biri: obrazların monoloqdialoqları şəklində yazılmış bədii əsər.

Bu ədəbi növə daxil olan əsərlər, adətən, pyes adlanır. Dram janrında yazılmış əsərin mətnində obrazların danışığından əlavə, müəllif remarkaları da yer alır. Remarkalarda hadisələrin baş verdiyi yer, obrazların səhnədə hərəkəti və s. təsvir olunur. Dramın başlıca xüsusiyyəti onun səhnədə tamaşaya qoyulmaq üçün yazılmasıdır. Dramın ilk nümunələri antik dövrdə yaradılıb. Azərbaycan, eləcə də Yaxın Şərq ədəbiyyatında ilk dram nümunəsi M.F.Axund­za­dənin 1850-ci ildə yazdığı “Hekayəti-molla İbrahimxəlil kim­yagər” əsəridir.

 2) Dram ədəbi növünə aid janrlardan biri.

Müstəqil janr kimi dram (meşşan dramı) XVIII əsrin II ya­rısında Fransa və Almaniyada yaranıb. Dramın əsas xüsu­siy­yəti xarakterlər arasındakı dramatik münasibətlərin ini­kasıdır. Komediyadan fərqli olaraq bu münasibətlər gülüş obyekti deyil, ciddi kolliziya yaradır. Lakin faciədən fərqli olaraq dramda insanlar arasındakı münasibətlərdən yaranan konflikt həll oluna biləndir. Azərbaycan ədəbiyyatında dram janrına ilk dəfə N.Nərimanov (“Nadanlıq”, “Şamdan bəy”) müraciət edib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dua

Şifahi xalq yaradıcılığında xoşbəxtlik, xeyir, uğur, qələbə arzusu ifadə edən obrazlı mətnlər.

Poetik parçalar, nəsrlə ifadə edilmiş deyimlər şəklində olur. Duada bədii ifadə vasitələrindən – məcazüslubi fiqurlardan geniş istifadə edilir. “Kitabi-Dədə Qorqud” dastanında Dədə Qorqudun dilindən çoxlu dualar verilib; məs.: “Kölgəlicə qaba ağacın kəsilməsin”, “Haqq yandıran çırağın yana dursun”, “Ağ­saq­qallı baban yeri uçmağ olsun” və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

durğu

Şeirin misralarındakı sözlər arasında fasilə.

Ədə­biyyatda buna bölgü, təqti, sezura, ayaq da deyilir. Durğu müəyyən vəznə malik olan təqtili misranı iki, bəzən də üç yerə bölür. Heca vəznində yazılan şeirlərdə durğu zamanı söz bütöv qalsa da, əruz vəznində yazılan şeirlərdə söz özü də durğudan asılı olaraq hissələrə bölünə bilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

durğu işarələri

Yazılı nitqdə işlənən, nitqin sintaktik-se­mantik cəhətdən düzgün üzvlənməsinə xidmət edən qrafik işarələr.

Durğu işarələri iki qrupa ayrılır: 1) ayırıcı işarələr (nöqtə, qoşa nöqtə, vergül, nöqtəli vergül, sual işarəsi, nida işarəsi); 2) fərqləndirici işarələr (tire, mötərizə, dırnaq işarələri). Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin kom­po­nentlərini və s.-ni ayırmaqdır. Fərq­ləndirici durğu işarələrinə vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən işarələr daxildir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti