Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qoşma1

Aşıq ədəbiyyatında hər bəndi 4 misradan, hər mis­rası 11 hecadan ibarət olan lirik janr.

Qafiyə şəkli belədir: a.b.c.b, ç.ç.ç.b, d.d.d.b. Qoşmanın bəndlərinin sayı, əsasən, 3, 5, 7 olur. Son bənddə − möhürbənddə aşığın adı və ya təxəllüsü verilir; məs.:

 Xəlləqul-aləmin budur qərarı,

Qış olmasa, bahar dolana bilməz.

Ər kişi vətəndən düşsə aralı,

Ah çəkib saralar, dolana bilməz...

                       ***

Alının başını alıb dumanlar,

Alçalın, siz Allah, əyilin, dağlar!

Müddətdir, yolumu gözləyənim var,

Heç iyit biilqar dolana bilməz. (Aşıq Alı)

Qoşma təkcə aşıq ədəbiyyatında deyil, yazılı ədəbiyyatda da geniş yayılıb. Yazılı ədəbiyyatda M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, S.Vurğun və b. qoşma yazıblar. Qoşmanın məzmun və forma baxımından gözəlləmə, dodaqdəyməz, dildönməz, ustadnamə, vücudnamə, qoşma-müstəzad və s. növləri vardır.

qoşma2

Əsas nitq hissələrinə qoşularaq onların başqa söz­lərlə sintaktik əlaqəsinə xidmət edən köməkçi nitq hissəsi.

Qoşmaların hər birinin ümumi qrammatik mənası var. Məsələn, kimi qoşması aid olduğu sözlərdən asılı olaraq müqayisə, zaman, məkan, tərz mənaları bildirə bilər: dostu kimi yaxşı oxumaq, səhərə kimi yatmamaq, şəhərə kimi pi­yada getmək, ceyran kimi qaçmaq. Qoşmalar, əsa­sən, isim­lərə, ismi əvəz edən əvəzliklərə, məsdərə, bəzi zərflərə, eləcə də substantivləşən başqa sözlərə qoşulur. Qoşmanın qo­şul­duğu söz ismin dörd halında ola bilər: adlıq halda: aslan kimi, atası ilə, quştək; yiyəlik halda (ancaq əvəzliklə): mənim kimi, səninlə, onuntək; yönlük halda: kəndə kimi, evə sarı, tən­bəlliyinə görə; çıxışlıq halda: dostumdan ötrü, bacımdan savayı.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti