Sözlər, birləşmələr və cümlələr bir-biri ilə əlaqələndiyi zaman intonasiya (pauza) ifadə edən durğu işarəsi (,).
Bu işarədən aşağıdakı məqamlarda istifadə olunur: a) cümlənin həmcins üzvləri və təkrarlanan sözlər arasında: Nizaminin, Füzulinin, Vaqifin, / Gözəl-gözəl yadigarı məndədir (S.Vurğun); b) bağlayıcısız (tabeli və tabesiz) mürəkkəb cümlələrin komponentləri arasında: Gələn gəldi, gedən getdi, bizə nə qaldı. Firudunun yadına düşdü ki, bu hadisə xırmanda olub (M.İbrahimov); c) cümlədə əlavə və xüsusiləşmələri fərqləndirmək üçün: Mən bu çeşmələrdən savayı, həkim tanımıram (S.Rəhimov); ç) cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara söz, xitab, nida, təsdiq, inkar sözləri) fərqləndirmək üçün: Əli, belə vaxtlarda, adətən, ehtiyatlı davranmaq lazımdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti