Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

final

Epik və ya dramatik əsərin sonluğu, yekun hissəsi.

Əsərin finalı açılma və ya epiloqla (əgər varsa) üst-üstə düşə bilər. Lakin nəzərə almaq lazımdır ki, epiloqun əsərdəki hadisələrlə bağlılığı zəif olur. Ona görə də bir sıra əsərlərdə açılmadan sonra hadisələrə münasibət bildirilən hissə epiloq deyil, final sayılır. Məsələn, S.Vurğunun “Vaqif” pyesində Qacarın öldürülməsi və Vaqifin zindandan azad olması əsərin açılma hissəsidirsə, baş qəhrəmanın Vidadiyə xitabən şeir deməsi finaldır. Personajların gələcək taleyi ilə bağlı epiloq isə final sayılmır, çünki onun süjetdəki hadisələrlə əlaqəsi zəif olur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fleksiya

lat. flexio – əyilmə, keçmə

Flektiv dillərdə sözün daxildən dəyişməsi nəticəsində leksik mənanın və qrammatik formanın dəyişilməsi.

Fleksiyanın iki növü var: xarici flek­siya, daxili fleksiya. Xarici fleksiyada sözün içində deyil, ­so­­­nun­da şəkilçidən istifadə olunmadan səs dəyişikliyi ilə mə­­nanın dəyişilməsi nəzərdə tutulur. Rus dilində xarici flek­siyaya nümunə olaraq “книга, книги, книге, книгу, книгой, (о) книге” göstərmək mümkündür. Daxili fleksiya isə, adından da göründüyü kimi, sözün daxilində baş verir. Bu dəyişilmə fonetik hadisə deyil, dilin qrammatik qanuna­uy­ğunluğu şək­lində izlənilir. Dilimizə ərəb dilindən keç­miş “dərk”, “idrak”, “dərrakə”, “müdrik” sözlərində daxili fleksiya var. Həmin söz­lər Azərbaycan dilinin lüğət tərkibində müstəqil leksik va­hid­lər kimi mövcuddur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

folklorşünaslıq

Folkloru (şifahi xalq yaradıcılığını) öyrənən elm sahəsi.

Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olan folklorşünaslığı ədəbiyyatşünaslıq və musiqişünaslıq elmlərinin ortaq sahəsi hesab etmək olar. Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədə­biyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun yazılı ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlayıb. XX əsrdə Azərbaycan folklorşünaslığının inkişafında Firidun bəy Köçərli, Salman Mümtaz, Vəli Xuluflu, Hənəfi Zeynallı, Həmid Araslı, Məhəmməd Hüseyn Təhmasib, Azad Nəbiyev və b.-nın böyük rolu olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

funksional üslub

Ədəbi dilin normalarını ehtiva edən üslublar məcmusu.

Funksional üslublar bunlardır: bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi-işgüzar üslub, məişət üslubu. Bu üslubların hər biri ədəbi dilin fonetik, leksik və qrammatik normalarına tabedir. Üslub daşıyıcıları (yazıçı, jurnalist, alim, müəllim və b.) həmin normalara əməl etməlidirlər. Hər üslubda həm bütün üslublar üçün ümumi olan ədəbi dil normaları, həm də yalnız o üslub üçün əlamətdar olan xüsusi normalar müəyyənləşmişdir. Məsələn, ədəbi dilin bütün funksional üslublarında hər bir söz eyni cür yazılır və tələffüz edilir. Mətnin intonasiyasından və məq­sədindən asılı olaraq bütün üslublarda eyni durğu işarəsindən istifadə olunur. Lakin inversiya və ədəbi dilin lüğət fonduna daxil edilməyən bir qrup sözlər, əsasən, bədii üslub; terminlər, şərti işarələr, formullar elmi üslub; standart formalar rəsmi-işgüzar üslub üçün xarakterikdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti