Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədii üslub

Bədii təfəkkürün ifadəsi olan obrazlı, emosional nitq forması.

Bədii üslub sənətkarın yaradıcılığına və ya ayrıca bir əsərə xas ideya-bədii və dil xüsusiyyətlərinin məcmusudur. Bura yazıçının söz ehtiyatı (leksikonu), istifadə etdiyi məcazüslubi fiqurlar, gerçəkliyin inikası üsulları, yaradıcılıq tərzi, müraciət etdiyi mövzular, yaratdığı tipik xarakterlər və s. aiddir. Yazıçının üslubu onun yaradıcılığının inkişaf etdiyi ictimai-tarixi şəraitlə sıx əlaqədə müəyyənləşir. Bədii üslubun əsas cəhəti obrazlılıqdır. Obrazlılıq müxtəlif səviyyələrdə özünü göstərir: 1) fonetik səviyyədə obrazlılıq (alliterasiya, assonans, səs və heca təkrarları, intonasiya); 2) leksik səviyyədə obrazlılıq (epitet, təşbeh, mübaliğə, antiteza, metafor və s.);  3) qrammatik səviyyədə obrazlılıq (inversiya, ellipsis, sözlərin, müxtəlif söz birləşməsi və cümlə tiplərinin təkrarı və s.). Obrazlılığın fonetik, leksik və qram­matik səviy­yədə təzahürləri bir-biri ilə sıx bağlıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti