Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

folklor

Xalq yaradıcılığının məhsulu olan ədəbi mətnlər və musiqi əsərləri məcmusu; şifahi xalq ədəbiyyatı.

Folklor milli ədəbiyyatın başlanğıcı, onun qaynağıdır. İlk folklor nü­mu­nələrində, əsasən, insanların məşğuliyyəti, əmək prosesi, ətraf aləmin dərk edilməsi öz əksini tapırdı. Bu nümunələr sinkretik olub musiqi, rəqs, mimika ilə sıx bağlı idi. Bəşər sivilizasiyasının inkişafı ilə folklor da forma və məzmun baxımından uzun bir təkamül yolu keçdi, onun bir çox nümunələri əsrlərboyu cilalanaraq bu günümüzə gəlib çatdı. Folklor özündə ədəbiyyatın bütün növlərinə aid (lirik, epik, dramatik) olan janrları əks etdirir. Lirik növə sayaçı sözləri, holavarlar, nəğmə, bayatı, qoşma, gəraylı və s., epik növə nağıl, rəvayət, əfsanə, dastan, lətifə və s., dramatik növə şəbih,  meydan tamaşaları və s. janrlar daxildir. Folkloru yazılı ədəbiyyatdan fərqləndirən əsas cəhətlər bunlardır: şifahilik – müəllifin dinləyici ilə birbaşa təması, sözlə musiqi və rəqs elementlərinin vəhdəti, kollektiv müəlliflik, çoxvariantlılıq və s. Aşıq ədəbiyyatı folklorun xüsusi qoludur, şifahi ədə­biy­yatdan yazılı ədəbiyyata meyilli bədii yaradıcılıq sahəsidir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti