Epik folklor janrlarından biri: tarixi şəxsiyyətlər və hadisələr haqqında əsər.
Mifologiya ilə sıx bağlı olan əfsanədən fərqli olaraq rәvayәtin süjeti əsasında xalqın bədii təfəkkür süzgəcindən keçmiş, yüksək bədii şərtiliklə səciyyələnən tarixi fakt dayanır. Bu faktlar ağızdan-ağıza keçərək tarixi dəqiqliyini xeyli dərəcədə itirərək rәvayәt şəklinə düşür. Lakin tarixi şəxsiyyətlərin əsas qəhrəman kimi çıxış etdiyi nağıllardan fərqli olaraq bu bədii şərtilik fantastika səviyyəsinə çatmır. Rәvayәtlər, adətən, “Rəvayətə görə”, “Deyilənə görə”, “Belə rəvayət edirlər ki” kimi ifadələrlə başlayır. Elmi ədəbiyyatda rәvayәtlərin iki növü qeyd edilir: tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər (“Teymurləng”, “Nəsimi”, “Xətai”, “Füzuli”) və yer adları ilə bağlı rəvayətlər (“Qarı dağı”, “Sınıq körpü”, “Bibiheybət”, “Şuşa”, “Xatın arxı”). C.Cabbarlı “Qız qalası”, M.Müşfiq “Çoban”, S.Vurğun “Aslan qayası” poemalarının, İ.Əfəndiyev isə “Qarı dağı” hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürüb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti