Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

işarə əvəzlikləri

İşarə məqsədilə işlədilən əvəzliklər: o, bu, elə, belə, həmin.

İşarə əvəzliklərinin hamısı sifəti, o, bu əvəzlikləri həm də ismi, elə, belə əvəzlikləri isə həm də zərfi əvəz edə bilir; məs.: Bu qələmlə yaz (sifət). Belə danışma (zərf). O, bu əvəzlikləri mənsubiyyət şəkilçilərini qəbul etmir. Elə, belə işarə əvəzlikləri yalnız III şəxsdə mənsubiyyətə görə dəyişməklə hallana, cəmlənə və xəbərlik şəkilçisi qəbul edə bilir; məs.: eləsi, eləsinin, beləsinə, belələrindən, belədir və s. O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil (feili sifətdən başqa), əvəzlik və köməkçi nitq hissələri (modal sözlərdən başqa) gələrsə, vergül qoyulmur; məs.: O danışdı. Bu həm sizin, həm də bizim işimizdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

iştirak bağlayıcıları

Tabesizlik bağlayıcılarının mənaca növlərindən biri: həm, həm də, həm də ki, o cümlədən, ha­belə, hətta, da, də, özü də, həmçinin, eləcə də, nəinki.

Bu bağlayıcılar həmcins üzvlər, söz birləşməsinin tərki­bindəki sözlər və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənərək iştirak məzmunu yaradır; məs.: Direktor həm şa­gird­ləri, həm də valideynləri otağına dəvət etdi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

izahlı lüğət

Sözlərin leksik mənalarını nümunələrlə əks etdirən lüğət.

İzahlı lüğətlərdə çox zaman sözün mənşəyi, aid olduğu nitq hissəsi və leksik kateqoriyası (dialektizm, jarqon, vulqarizm və s.) qeyd olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

iadə

Bir misra və ya beytin son kəlməsi ilə sonrakı misranın ilk kəlməsinin eyni olduğu şeir şəkli.

Divan ədəbiyyatında çox da geniş yayılmayan bu şeir şəklinin ən kamil ustalarından biri Məhəmməd Füzulidir:

Ey vücudi-kamilin, əsrari-hikmət məsdəri,

Məsdəri-zatın olan əşya sifatın məzhəri.

Məzhəri hər hikmətin sənsən ki, kilki-qüdrətin

Səfheyi-əflakə nəqş etmiş xütuti-əxtəri.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ibarə

İfadələrin süni şəkildə qəlizləşdirilməsi və anlaşılmaz hala gətirilməsi.

İ.-lər yerli-yersiz terminlər, varvarizmlər, dilin təbiətinə yad olan dolaşıq sintaktik konstruksiyalar hesabına yaranır. Bədii əsərlərdə çox zaman özünü yüksək intellekt sahibi kimi göstərmək istəyən obrazı səciyyələndirmək üçün istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ibrətnamə

Xoşagəlməz hadisələrdən, şəxslərdən bəhs edərək oxucuya müəyyən mənəvi dəyərlər aşılayan mənzumələr.

Dini və didaktik ədəbiyyatda hər bir uğursuzluq və müsibət ibrət almaq üçün səbəb kimi göstərilir, “tərbiyəni tərbiyəsizdən öyrənmək” bir fəlsəfi konsepsiya kimi irəli sürülür. Yunus Əmrənin bir İ.-si belədir:

Sənə ibrət gərək isə,

Gəl görəsən bu sinləri.

Gər daş isən əriyəsən,

Baxıb görücək bunları.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ideya

yun. idea – görüntü, forma, oxşarlıq

Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya təlqin etdiyi fikir.

İ. əsərin mövzusu və məzmunu ilə bağlı olur. O, bədii əsərin əsas qayəsini, müəllif niyyətini təcəssüm etdirir və sosial-estetik mahiyyət daşıyır. İ.-da müəllif müdaxiləsi açıq və ya gizli şəkildə özünü göstərir. Müəllif hadisə və xarakteri istədiyi rakursdan təsvir etməklə İ.-nı oxucuya təlqin edir. Bəzən də əksinə, müəllif qayəsi sətiraltı mənalarda ifadə olunur və ya müəllif hadisələrdən nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır. Bu mənada İ. yazıçının dünyagörüşü və yaradıcılıq metodu ilə sıx bağlıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ideyalılıq

Müəyyən yazıçının yaradıcılığına və ya bütövlükdə milli ədəbiyyata (onun müəyyən dövrünə) xas olan sosial, siyasi, etik, mənəvi prinsiplərin məcmusu.

Əsasən, marksizm fəlsəfəsi ilə bağlı olan bu termini ədəbiyyatşünaslığa ilk dəfə Q.V.Plexanov gətirib. Sovet dövründə sosialist realizmi estetikasında İ. ədəbiyyat və incəsənətin ictimai-siyasi mahiyyətini, bədii yaradıcılığın ideoloji meyarını təşkil edib. İ. ədəbiyyatda dekadentizmə, formalizmə, “sənət sənət üçündür” prinsipinə qarşı çıxır, yazıçını aktiv müəllif müdaxiləsinə, əsərin ideyasını qabarıq şəkildə əks etdirməyə və bu zaman öz ideoloji mövqeyini bildirməyə çağırırdı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

idiom

yun. idios – xüsusi, özünəməxsus

Mənası tərkibindəki sözlərlə birbaşa əlaqələnməyən sabit söz birləşməsi; frazeologizm.

Sərbəst söz birləşməsindən fərqli olaraq İ. sintaktik deyil, leksik vahiddir və cümlənin bir üzvü kimi çıxış edir. İ.-lara frazem, frazeologizm də deyilir. Lakin frazeologizm daha ümumi anlayışdır və özündə İ.-lardan başqa, cümlə şəklində olan məsəl və atalar sözlərini – paremiyaları da birləşdirir. Dilimizdəki İ.-ların əksəriyyəti feili birləşmələrdir: baş sındırmaq, gözü doymamaq və s. Lakin isim (ağıl dəryası), sifət (aydan arı, sudan duru), zərf (bir göz qırpımında) məqamında işlənən İ.-lar da var. Hər bir dilin İ.-ları o dilin incəliklərini və zənginliyini əks etdirir. Bədii əsərlərdə İ.-ların bolluğu dil və üsluba emosional rəng qatır və milli koloriti gücləndirir. İ-ların əksəriyyəti başqa dillərə hərfi tərcümə olunmur. Onların başqa dildə uğurlu qarşılığını tapmaq bədii tərcümənin ən çətin vəzifələrindən biridir və tərcüməçidən hər iki dili dərindən, incəliklərinə qədər bilməyi tələb edir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

iqtibas

1. Bax: sitat.

2. Hər hansı mövcud ədəbi əsərin məzmun və süjetindən istifadə etməklə yeni əsərin yaradılması.

Dünya ədəbiyyatında İ. faktları kifayət qədər çoxdur. Məsələn, Lafonten Ezopun təmsillərindən, Krılov Lafontenin, Sabir isə Krılovun təmsillərindən İ. yolu ilə milli ədəbiyyatın faktı olan yeni əsərlər yaradıblar. S.Ə.Şirvani Sədi Şirazidən və folklor ədəbiyyatımızdan bir çox İ.-lar edib. Bu terminlə, eləcə də onun təbdilnəzirədən fərqi ilə bağlı ədəbiyyatşünaslıqda müxtəlif fikirlər vardır. Məsələn, prof. Ə.Mirəhmədov başqa əsərdəki motivlərdən istifadə etməklə tamamilə yeni, orijinal əsər yaradılmasını İ. hesab etmir. Füzulinin “Leyli və Məcnun” əsərinin Nizamidən İ. və ya ona nəzirə olması ədəbiyyatşünaslar arasında mübahisə doğurur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ilahi

Təkkə ədəbiyyatında Allahın ucalığını tərənnüm edən mənzumə.

İ. dini mərasimlərdə oxunur və söylənilir. Bu mənzumələr Yaradana olan səmimi sevgi və bağlılıq duyğularının ifadəsidir. Bu baxımdan İ.-lər divan ədəbiyyatındakı tövhidminacata çox bənzəyir. İ.-lər həm əruz, həm də heca vəznində yazılır. Heca vəznində 7, 8, 11, 14 və 16 hecalıq İ.-lərə rast gəlmək mümkündür. Bu şeir növünə müraciət edən ən məşhur şairlərdən biri Yunus Əmrədir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti