Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

folklor ekspedisiyası

Folklor nümunələri toplamaq məqsədilə elmi işçilərin bölgələrə ezamiyyəsi.

F.E. zamanı, adətən, yaşlı insanların söylədikləri, oxuduqları şifahi xalq ədəbiyyatı nümunələri diktofona yazılır, daha sonra elmi institutlarda yazıya köçürülərək arxivləşdirilir və ya məcmuələr şəklində nəşr edilir. Bu materiallar tədqiqatçılar üçün ilkin mənbə hesab olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

folklorizm

Yazılı ədəbiyyatda folklor süjetlərindən və motivlərindən istifadə; folklordan bəhrələnmə.

F. termini ilk dəfə XIX əsrin sonunda fransız folklorşünası Pol Sebiyo tərəfindən tətbiq edilib. Azərbaycan ədəbiyyatında folklor nümunələri əsasında bədii əsərlərin yazılması ənənəsi olduqca qədimdir. Nizami Gəncəvi “Leyli və Məcnun”, İlyas Əfəndiyev “Sarıköynəklə Valehin nağılı”, Anar “Ağ qoç, qara qoç” əsərlərini folklor motivləri əsasında yazıblar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fonetik təkrir

Təkririn növlərindən biri: mətndə eyni səslərin təkrarlanması ilə yaradılan ahəngdarlıq.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

forma

Bədii əsərin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi.

F. əsərdə “nəyin yazıldığına” deyil, “necə yazıldığına” verilən sualların cavab toplusudur. Məzmunla formanın vəhdətində məzmun ilkindir, əsasdır; o, F.-nı müəyyən edir, onu doğurur, yazıçı F.-nı məzmuna uyğun olaraq seçir. Lakin bu o demək deyil ki, F. passivdir. O, məzmuna təsir edir, onu tamamlayır, daha dərindən qavranılmasına kömək edir. Bədii ədəbiyyatda F.-nın rolu və çəkisi xüsusilə böyükdür, çünki əsərin estetikası, bədii təsir gücü və ekspressivliyi məhz F. ilə müəyyənləşir. Janr, vəzn, bölgü, qafiyə, bədii təsvir və ifadə vasitələri F. anlayışına daxildir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

formalizm

Bədii əsərlərin ideya məzmununu arxa plana çəkərək onların yalnız formasına əhəmiyyət verən bədii-estetik meyil.

F. XIX–XX əsrlərdə mövcud olmuş bir sıra ədəbi cərəyanlarda (avanqardizm, dadaizm, konstruktivizm, futurizm və s.) təzahür edir. Әsərin formasına mövzu və məzmundan təcrid edilmiş halda baxan formalistlər bədii əsəri ancaq süjet qurmaq üsullarının, yeni ifadələrin, yeni vəznqafiyə “ixtira”larının məcmusu hesab edirlər. Şeirdə mənasız söz oyunbazlığı etmək, mətnin anlaşılmasını çətinləşdirən səs oxşarlığı arxasınca getmək, süni “söz yaradıcılığı” ilə məşğul olmaq F. üçün səciyyəvi xüsusiyyətlərdir. Ümumiyyətlə, əsərdə bədii forma və dil-üslub tələblərinin kəskin şəkildə qoyulmasını və meyar səviyyəsinə qalxmasını (məsələn, dodaqdəyməz, yanıltmac janrlarında) formalizmin təzahürü kimi qiymətləndirmək olar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fraqment

lat. fragmentum – qırılmış hissə, parça

Bədii mətndən kiçik bir parça, məqam, epizod.

F. əsərdə həcmcə kiçik bir məqamı nəzərdə tutsa da, epizoda nisbətən daha geniş anlayışdır. Epizod daha çox süjetli əsərlərə xas olduğu halda, F. həm də peyzaja, lirikaya aid olunur. Təsadüfi deyil ki, bu termindən kino, musiqi, təsviri incəsənət və memarlıqda da geniş istifadə olunur. Ədəbiyyatşünaslar bədii əsərləri təhlil edərkən çox zaman ideyanı, xarakterin müəyyən bir cəhətini açmağa kömək edən F.-lərə üstünlük verirlər, onları ayrılıqda təhlil edirlər. Xatirə tipli əsərlərdə F.-dən geniş istifadə olunur. R.Rza “Qızılgül olmayaydı” poemasında M.Müşfiqin həyatı ilə bağlı xatirələrini yada salaraq fraqmental təsvirlər verib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

futurizm

lat. futura – gələcək

XX əsrin əvvəllərində Avropa ədəbiyyatında yaranmış avanqard cərəyan.

Avanqardizmin, formalizmin radikal variantı olan F. ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa ölkələrində yayılmışdı. Bu cərəyanın banisi italyan şairi Filippo Marinetti idi. “Gələcəyin incəsənəti”ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, onun estetik, bədii, mənəvi-əxlaqi sərvətlərini rədd edir, bədii, poetik dilin əleyhinə çıxır, öz əsərlərində vulqar sözlərə, jarqona, sənəd üslubuna geniş yer verirdilər. Onlar sənaye sivilizasiyasının təbliği və müasir böyük şəhərin inkişafını tərənnüm edirdilər. Estetik prinsiplərinin ümumiliyinə baxmayaraq, F. ayrı-ayrı ölkələrdə müxtəlif ideya meyilləri ilə fərqlənib. Nümayəndələri U.Boççoni, C.Balla, L.Russola, Rusiyada Burlyuk qardaşları, V.Mayakovski, V.Xlebnikov olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti