Uşaq folkloru janrlarından biri: eyni və ya oxşar sәslәnәn sözlәrin təkrarlandığı kiçikhəcmli nəzm və ya nəsr əsəri.
Yanıltmacın əsas xüsusiyyəti ifrat alliterasiyadan istifadə yolu ilə mətnin tələffüzünü çətinləşdirməkdir; məs.: Ay ağquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü? Tələffüzü çətinləşdirən əsas məqamlar bunlardır: 1) səs məxrəci yaxın olan samitlərin (q-ğ, s-ş-z və s.) yanaşı işlənməsi: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış; eyniköklü sözlərin və ya eyni sözün mürəkkəb qrammatik formalarının yanaşı işlənməsi: Ocağı qığılcımlandırma, sən qığılcımlandırsan da, qığılcımlanacaq, qığılcımlandırmasan da, qığılcımlanacaq. Fonetik xüsusiyyətə önəm verilməsi yanıltmacın məzmununu arxa plana çəkir. Bununla belə, həm şifahi, həm də yazılı ədəbiyyatda komik məzmunlu, maraqlı yanıltmaclara rast gəlinir. Yanıltmacdan azyaşlı uşaqların tələffüz və diksiyasını inkişaf etdirmək üçün tədris materialı kimi də istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti