1916–1922-ci illərdə Qərbi Avropa ədəbiyyatı və incəsənətində mövcud olmuş modernist cərəyan.
D. cərəyanının banisi şair Tristan Tsara 1918-ci ildə bu sözün mənşəyi haqqında yazırdı: “Kru adlı zənci qəbiləsinin dilində dada müqəddəs inəyin quyruğu mənasını verir. İtaliyanın bəzi vilayətlərində bu sözlə uşaqlar üçün taxta at oyuncağını adlandırırlar. Rus dilində isə da, da – bəli, bəli deməkdir. “Dada” sözü uşaq qığıltısını bildirən təqlidi söz kimi də qəbul edilə bilər. Beləliklə, bu sözün mahiyyətində mənasızlıq durur ki, o da D. cərəyanını çox yaxşı səciyyələndirir”. D. İsveçrədə anarxist təbiətli yaradıcı ziyalılar mühitində meydana gəlib, sonradan digər Avropa ölkələrinə də yayılıb. Dadaistlərin fikrincə, I Dünya müharibəsinin yaratdığı zülm və qəddarlıq bu dünyada həyatın mənasızlığını bariz şəkildə ortaya qoyub. Onlar iddia edirdilər ki, məntiq və rasionallıq dünyada müharibələrin və konfliktlərin əsas səbəbidir. Ona görə də D.-in əsas prinsipləri irrasionallıq, sistemsizlik, ədəbiyyat və incəsənətdə hər cür standart və kanonların rədd edilməsidir. Bu etiraz dadaistlərin əsərlərini, adətən, özbaşınalığa, anarxizmə çevirirdi. 1922-ci ildən sonra D. Fransada sürrealizmlə, Almaniyada ekspressionizmlə əvəz olunub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti