Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dekadentizm

fr. decadent – düşkünləşmiş

XIX əsrin sonu XX əsrin əvvəllərində Avropada pessimizm və düşkünlük əhvali-ruhiyyəsini əks etdirən modernist cərəyan.

D.-in əsas leytmotivi ölüm və axirət, tarixən formalaşmış mənəvi dəyərlərdən imtinadır. Digər modernist cərəyanlar kimi D. də ifrat estetizm, individualizmlə xarakterizə olunur, sənətdə ənənəvi meyillərə, xüsusilə naturalizmə və akademizmə qarşı çıxırdı. Dekadentçilər sosial-siyasi problemlərdən uzaq olmağı sənətdə azadlığın əsas şərti və təzahürü kimi qəbul edirdilər. Onlar ölümü, pozğunluğu və əxlaqsızlığı tərənnüm edir, sənətdə zahiri gözəlliyə və bədii formanın rəngarəngliyinə can atır, özləri üçün bir çox simvolik işarələr və üslubi vasitələr yaradaraq fikirlərini daha çox işarələrlə bildirirdilər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

del arte

ital. dell’arte – incəsənət, yüksək məharət

XVI–XVIII əsrlərdə İtaliyada mövcud olmuş improvizasiya xarakterli milli teatr növü; maska teatrı.

D.A. qısa, sxematik süjet şəklində yazılmış ssenari əsasında oynanılırdı, ona görə də improvizasiya aktyor ifasının əsasını təşkil edirdi. Aktyorlar səhnəyə maskalarda çıxırdılar. İki qrup maskalar mövcud idi: şimal (Venesian) və cənub (Neopolitan) qrupları. Hər qrupun öz maska-obrazları var idi. Bu teatr Qərbi Avropa dram teatrının inkişafında böyük rol oynadı, belə ki, D.A. truppaları teatr tarixində ilk peşəkar truppalar sayılır. Burada artıq rejissura elementləri özünü göstərirdi (aparıcı aktyor həm də rejissor idi). XIX əsrdə D.A. tənəzzülə uğrayaraq öz yerini pantomimamelodrama verdi. D.A.-nin elementlərindən (improvizasiya, bir aktyorun bir neçə rol oynaması və s.) bu gün də teatrda, xüsusilə stəndap (stand-up) komediyasında və komik teleseriallarda geniş istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

demiurq

yun. demos – xalq + urgos – iş, yaratma

Mifologiyada Yaradan obrazı; kosmosdakı canlı və cansız varlıqların yaradıcısı.

Bir çox xalqların mifologiyasında D. dulusçuluq, dəmirçilik, toxuculuq ilahı kimi, bəzilərində isə ali tanrının köməkçisi kimi çıxış edir. Məsələn, Misir ilahı Xnum dünyanı və insanları dulusçuluq kürəsində yaradır, hind ilahı Vişvakarman isə eyni zamanda xarrat, dəmirçi və toxucu kimi təsvir olunur. Lakin bir sıra miflərdə D.-lar daha mücərrəd üsullarla, məsələn, sadəcə, varlığı adlandırmaqla onu yaradırlar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

deus ex machina

yun. deus ex machina – maşından çıxan ilah

Qədim yunan dramaturgiyasında bədii üsul: faciənin sonunda ilahın peyda olması ilə baş verən açılma (razvyazka).

Bu üsula Sofoklun, Evripidin bir sıra əsərlərində rast gəlmək mümkündür. Tamaşa zamanı xüsusi qaldırıcı maşının köməyi ilə səhnə üzərində peyda olan ilah düyünə düşmüş hadisələrə aydınlıq gətirir, personajları dəyərləndirir və onların gələcək taleyindən xəbər verir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

deyim

Zamanın sınağından çıxmış yaddaqalan ifadələr, məsəllər, inanclar, sınamalar və s.

Bir çox D.-lərin mənşəyi məlumdur. Onlar məşhur tarixi şəxsiyyətlərin, ədiblərin və ya ədəbi qəhrəmanların müəyyən situasiya ilə bağlı söylədikləri ifadələrdir; məs.: İtə ataram, yada satmaram (Mir Cəlal, “Bir gəncin manifesti”). Atalar sözündən fərqli olaraq D. heç bir müdrik fikir ehtiva etməyə də bilər. Məsələn, M.Ə.Sabirin Mən də müsəlmanam, a şirvanlılar misrasını D. kimi qəbul etmək olar. D.-lərin bir qismi konkret tarixi mənbələrə əsaslanır, bir qismi isə rəvayət xarakterli olur. İfadə kəskinliyi, ritorik fiqurlar, bədii ifadə vasitələri D. üçün səciyyəvi xüsusiyyətlərdir. Nümunə: Əmir Teymurun görüşünə gedən İbrahim Xəlilullah hər hədiyyədən 9 dənə aparıbmış. Yalnız qulların sayı 8 imiş. Teymurun sual dolu baxışlarını görən İbrahim deyir: “Doqquzuncu qul mən özüməm”. Bu rəvayətdə İbrahimin sonuncu sözləri D. kimi yaddaşlarda qalıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

deyişmə

Ustad aşıqlar, şairlər arasında şeirləşmə.

D. daha çox aşıq ədəbiyyatına xasdır. Burada, adətən, iki aşıq iştirak edir. Onların dediyi şeirlər (bəndlər), əsasən, qoşma, bəzən gəraylı janrında olur. Çox zaman D.-yə başlayan tərəf hansı rədifdən istifadə edirsə, digər tərəf də öz bəndlərini həmin rədiflə bitirir. Bir çox hallarda D.-yə dialoq şəklində başlayan aşıqlar bir-birinin poetik istedadını yoxladıqdan sonra hərbə-zorbaya, qıfılbəndə keçirlər. D.-də iştirak edənlərdən hər kim qarşısındakı aşığı “bağlasa”, o qalib olur və “məğlub” aşıq öz sazını “qalib” aşığa verirdi. Vaqiflə Vidadi, Aşıq Ələsgərlə Aşıq Alı, Xəstə Qasımla Ləzgi Әhməd arasındakı D.-lər çox məşhurdur. Yazılı ədəbiyyatda da D. nümunələrinə rast gəlmək olar. Musa Yaqubun “Göyərməz” rədifli şeirinə Məmməd Arazın yazdığı “Göyərdi” rədifli şeiri misal ola bilər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dəxil

Klassik şeirdə qafiyə elementi: əlifi-təsisrəvi arasında yerləşən hərəkəli samit hərf.

Nümunə: Şirin ləbi-mənşəyi lətafət, rəna qədi-durduğilə afət. (M.Füzuli). Bu beytdə qafiyə sözlər olan lətafətafət qafiyəsidəki sonuncu “t” rəvi, “a” əlifi-təsis, onların arasındakı “f” samiti isə D.-dir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dəqiqləşdirici təkrir

Müəyyən xüsusiyyət, əlamət, keyfiyyət və s. cəhətdən izahedici funksiya daşıyan təkrir.

Sintaktik olaraq cümlə üzvünün əlavəsini xatırladır: 

Günəş – göylər sultanı güclü Günəş sanki aşağıya enib, lap yaxına gəlib (Mir Cəlal).

Dünyanı dağıtmaq istəyənlərin də

Növbəsi vardı, gizli saziş növbəsi. (Fikrət Qoca)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti