Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epiqraf

yun. epigraphe – yazı

Əsərin və ya onun hissələrinin əvvəlində başlıqdan sonra yazılan, adətən, aforistik xarakter daşıyan cümlə(lər).

Epiqraf müəllifin özünə və ya digər söz ustalarına aid ola bilər. Epiqraf ifadə etdiyi məna baxımından oxucunun diqqətini əvvəlcədən əsərin ümumi məzmun və ideyasına yönəldir. Mir Cəlalın “Bir gəncin manifesti” ro­ma­nında ayrı-ayrı hissələrdə müxtəlif  sənətkarlardan epi­q­raflar verilib; məs.: “Təhqir” adlı I hissədə: Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir (L.Tolstoy). Epiqraf ithaf şəklində də ola bilər. Məsələn, Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlayır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epiloq

yun. epi – son, sonra + logos – söz

Əsərin sonunda verilən nisbətən müstəqil, yekun hissə; final, sonluq, xitamə.

Epiloqda əsərboyu qaldırılan məsələlər yekunlaşdırılır və ya personajların əsas hadisələrdən sonrakı taleyi haqqında qısa məlumat verilir. Dram əsərlərində (xüsusilə Şekspirin, Brextin dramlarında) bu, baş qəhrəmanın əsərdə baş verən hadisələrə münasibəti və ya rəqslə müşayiət olunan xor mahnısı şəklində təzahür edir. M.Füzulinin “Leyli və Məcnun” poemasının sonunda “Təmamiyi-süxən” başlığı altında verdiyi hissəni epiloq hesab etmək olar. C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” povestini “Xitamə” adlı hissə ilə yekunlaşdırır ki, bu sözü “epiloq” termininin sinonimi kimi qəbul etmək olar. Proloq kimi epiloq da, əsasən, irihəcmli əsərlər: poema, povestromanlar üçün xarakterikdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epitet

yun. epitheton – əlavə, qoşma

Məcazın növlərindən biri: varlığın hər hansı əlamətinin obrazlı şəkildə ifadəsi; bədii təyin.

Bədii əsərdə mənanı qüvvətləndirmək, təsvir olunanın xüsusiyyətini daha qabarıq və təsirli şəkildə nəzərə çarpdırmaq üçün istifadə edilir. Müstəqim mənalı təyindən (qoca kişi) fərqli olaraq epitet məcazi məna daşıyır (qoca təbiət). Epitet yalnız sifətlə deyil, atributivləşmiş isimlə də ifadə oluna bilər: polad biləklər, daş qəlbli, qızıl payız.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epizod

yun. episodion – əlavə, qoyulmuş

Əsərin süjetində nisbətən müstəqil bitkin hissə; hadisə, səhnə.

Bədii əsəri təşkil edən epizodlar bütöv bir süjetin tərkib hissəsi olub bir-biri ilə əlaqələnir. Ayrı-ayrılıqda hər hansı epizod hadisələrin düyün, kulminasiya və ya açılma hissəsini təşkil edə bilər. Epizod daha çox epik və dramatik əsərlərə xas olur; məs.: “Koroğlu” dastanında Həmzənin Qıratı qaçırması epizodu. Dram əsərlərində epizod vaqiə, səhnə və ya şəkil adlanır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epizodik surət

Əsərdəki hadisələrin inkişafına ciddi təsir göstərməyən və oxucunun nəzərinə az çarpan surət.

Epi­zodik surətlərə irihəcmli əsərlərdə, dramatik əsərlərin kütləvi səhnələrində daha çox rast gəlmək mümkündür. Həcmindən asılı olmayaraq bədii əsərlərdə epizodik surətlərin sayı müx­təlif ola bilər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epopeya

yun. epos – hekayə, mahnı

Xalqın həyatını, ta­rixinin müəyyən dövrünü və  ümummilli problemləri əks etdirən monumental epik əsər.

Epopeya bəzən irihəcmli romanla eyniləşdirilir. Lakin romanda hadisələrin mərkəzində insan, onun xarakteri, taleyi durur. Epopeyada iştirak edən çoxsaylı personajlar isə, ilk növbədə, xalqın həyatında, tarixində mühüm rol oynamış hadisələrin təsvirinə xidmət edir. Buna misal kimi Homerin Troya müharibəsindən bəhs edən “İliada”sını, L.N.Tolstoyun “Hərb və sülh”, M.Şoloxovun “Sakit Don”, S.Rəhimovun “Şamo” əsərlərini göstərmək olar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epos

yun. epos – söz, hekayə, mahnı

1) Bədii yaradıcılığın üç əsas növündən biri: hadisələrin təhkiyə üsulu ilə nəql olunduğu əsərlər; epik növ.

Epos epik əsərlərdə dialoji mətnlər, mühakimə və təsvir xarakterli hissələr də ola bilər. Lakin bu cür əsərlərdə müəllif təhkiyəsi əsas yer tutur. Şifahi və yazılı ədəbiyyatda həcmindən və formasından asılı olmayaraq müxtəlif janrlara məxsus süjetli şeir və nəsr əsərləri: nağıl, əfsanə, rəvayət, dastan, poema, hekayə, povest, roman və s. epik janrlar sayılır.

 2) Təhkiyə və təsvirə əsaslanan irihəcmli folklor janrı; dastan.

Epos dedikdə daha çox qəhrəmanlıq dastanları, saqalar nəzərdə tutulur. Bu əsərlərdə hadisələr təfsilatı ilə təsvir olunur, xalqın gücü və əzəməti duyulur. Eyni zamanda əsas obrazların xarakteri, onların fiziki gücü mübaliğəli şəkildə təqdim olunur. Eposların məzmunu dövrün mühüm hadisələrindən qaynaqlanır. Məsələn, qədim yunan tarixində əhəmiyyətli yer tutan Troya müharibəsi “İliada”nın əsas məzmununu təşkil edir. Türk xalqlarının geniş coğra­fiyaya malik ərazilərindəki tarixi məqamları özündə əks et­dirən “Kitabi-Dədə Qorqud”, “Alpamış”, “Yaradılış”, “Alp Ər Tonqa”, “Manas”, “Koroğlu” və s. eposları var.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

esse

fr. essai – cəhd, sınaq

Konkret bir mövzu ilə bağlı müəllifin fikir və mülahizələrini əks etdirən nəsr əsəri.

Esse ədəbi-tənqidi, fəlsəfi, tarixi-bioqrafik, elmi-kütləvi məzmuna malik ola bilər. Onu digər janrlardan fərqləndirən əsas cəhət müəllifin qoyulmuş problemə subyektiv və orijinal yanaşması, yazının mühakimə xarakterli olmasıdır. Burada müəllif onu düşündürən problemə münasibətini bildirərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır. Essedə nəqli xarakterli fakt və hadisələr də öz əksini tapa bilər, lakin oçerkdən fərqli olaraq burada faktların nəqli müəllifin mühakimələrini əsaslandırmağa xidmət edir. Essenin üslubu öz sərbəstliyi, individuallığı, səmimiliyi ilə seçilir və bəzən danışıq üslubuna yaxın olur. Bununla yanaşı, essenin əsas məziyyəti fikirlərin aforistik, obrazlı şəkildə ifadə edilməsi, mühakimələrin təsdiq və ya təkzibi üçün tez-tez başqa mütəfəkkirlərin fikirlərinə istinad olunmasıdır. Şərq didaktik ədəbiyyatının bir çox nümunələrində (“Qabusnamə”, “Əxlaqi-Nasiri”, “Gül­üs­tan”, “Bustan” və s.) essenin elementlərinə rast gəlmək müm­kündür. Lakin müstəqil janr olaraq esse fransız yazıçısı və filosofu M.Montendən sonra formalaşıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

etnonimik əfsanələr

El, nəsil, tayfa adları ilə bağlı əfsanələr.

“Oğuz”, “Bayat” və “Avşar” etnonimik əfsanələri qədim türk xalqlarının formalaşmasından bəhs edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti