Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mübaliğə

ər. – şişirtmək

Məcazın növlərindən biri: ifadə olunan fikrin təsirini artırmaq məqsədilə hadisənin, varlığın, əlamətin və s.-nin həddən artıq şişirdilməsi.

M.-yə ədəbiyyatşünaslıqda “hiperbola” da deyilir. Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? (M.Füzuli) misrasında lirik qəhrəmanın ahından fələklərin od tutması M.-dir. Bu məcazdan adi danışıq dilində də çox istifadə olunur: “min dəfə demişəm”. Bir çox frazeologizmlər M. üzərində qurulub: “acığından zəncir çeynəmək”. M.-yə folklor ədəbiyyatında da rast gəlinir. “Kitabi-Dədə Qorqud” dastanında Qaraca Çoban haqqında deyilən, “sapandıyla daş atanda yerə düşməzdi, əgər düşsə idi, yeddi il orada ot bitməzdi” ifadəsi mübaliğədir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müəllif qonorarı

lat. honorarium – mükafatlandırma

Yaratdığı əsərə görə müəllifə ödənilən pul mükafatı.

M.Q.-nın məbləği nəşriyyatla müəllif arasında bağlanmış müqavilə əsasında müəyyənləşdirilir. Beynəlxalq təcrübəyə əsasən, burada birdəfəlik ödəniş, royalti kimi üsullar tətbiq oluna bilər. Birdəfəlik ödəniş çox zaman sifariş əsasında əsərin həcminə (müəllif vərəqlərinin sayına) görə müəyyənləşdirilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müəlliflik hüququ

Əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusu.

M.H. müəllifin əsərindən qeyri-qanuni istifadənin – plagiatın və piratçılığın qarşısını almağa xidmət edir. M.H. yaradıcılığın bir çox sahələrinə, o cümlədən elmi və ədəbi-bədii yaradıcılığa aid edilir və əsərin yaradıcısına məxsus olan, müstəsna xarakter daşıyan şəxsi qeyri-əmlak və əmlak hüquqlarını ehtiva edir. Qeyri-əmlak, yəni mənəvi M.H. (əsər müəllifinin adının bu və ya digər şəkildə qeyd olunması) başqasına satıla və ya verilə bilməz. Əmlak hüququ isə M.H.-dan kommersiya məqsədilə istifadəni (əsərin çoxaldılaraq satışını) nəzərdə tutur. Bu hüquq müəyyən şərtlər müqabilində başqa tərəfə verilə bilər. M.H.-nun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müəllifin ölümü

Fransız ədəbi tənqidçisi Rolan Bartın eyniadlı essesindən sonra postmodernizmdə geniş yayılmış üsul: şərhə açıq olan mətnlərin yaradılması.

Postmodernizmin əsas xüsusiyyətlərindən biri də əsərdə oxucu üçün mümkün qədər yozuma, şərhə yer saxlamaqdır. Postmodernist yazıçılara görə, əsərin yaşaması üçün müəllifin “ölməsi” lazımdır. Müəllif əsəri yazarkən ideyanı və ya məqsədini açıqlayarsa, tənqid və ya şərh “ölər”. Mətnin yozuma açıq olması hər oxucuda ayrı-ayrı mənalara gəlməyə imkan yaradır ki, bu da əsəri birqatlı, birmənalı olmaqdan uzaqlaşdırır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müəmma

Klassik Şәrq şeirinin bәdii formalarından biri; mәnzum tapmaca.

Forma etibarilə M.-lar, əsasən, beyt, qitə və s. şəkillərdə olur. Onlardan bir çoxu “әbcәd hesabı” әsasındadır; bәzәn rәqәm yazılır, onun müqabili olan hәrf nәzәrdә tutulur, bәzәn dә, әksinә, hәrf yazılır, onun müqabili olan rәqәm nәzәrdә tutulur. Sözlərdəki hərflərin yerini dəyişdirməklə (anaqram) yazılan M.-lar da vardır. Bәzi M.-larda şair fikri müxtəlif sözlәr, təşbehlәr içәrisindә bir növ gizlәdib ifadә edir; mәsәlәn:

Xәttin lәbi-lәlin üzrә mәskәn qılmış,

Tuti şәkәristanı nişimәn qılmış.

Tәrtibi-cәmal üçün açıb zülfün ucun,

Mahi-rüxünü şanә müzәyyәn qılmış. (M.Füzuli)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müfrəd

Klassik Şərq, eləcə də Azərbaycan ədəbiyyatında bir beytdən ibarət şeir forması.

Bəzən “fərdi” və ya “yetim beyt” də adlanır. Belə beytlərdən çox zaman müəyyən situasiyada fikri daha bədii və ekspressiv formada çatdırmaq, poetik formada yekunlaşdırmaq, əsaslandırmaq üçün istifadə edilir:

Aşiqəm mən sənin ixtilatına,

Nəzminə, fərdinə, xoş əbyatına. (Aşıq Ələsgər)

Sədinin “Gülüstan” və “Bustan” əsərlərində çoxsaylı M.-lərə rast gəlmək mümkündür ki, onların bir çoxu aforizmə və qanadlı ifadəyə çevrilib.

Xəlqdən könlümün ol mərtəbədir vəhşəti kim,

Əksim adəm deyə mirata nəzər eyləyəməm. (Nabi)

Bir çox hallarda M.-lərin müəllifi naməlum qalır; təzkirəcünglərdə anonim (la-ədri) qeydi ilə verilir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mühakimə

Barəsində danışılan, təsvir edilən predmet haqqında müəllifin fikirləri.

Təhkiyətəsvirlə yanaşı, M. bədii əsərlərdə geniş istifadə olunan nitq tiplərindən biridir. Esse tipli əsərlərdə M. üstünlük təşkil edir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti