Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

maarifləndirmə

ər. məarif – elm, bilik

Bilik və mədəniyyətin ötürülməsi, yayıl­ması ilə əlaqədar fəaliyyət, jurnalistikanın əsas funksiyalarından biri.

Jurna­listi­kanın M. funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, əhaliyə məlumat verməklə yanaşı, həm də bu məlumatlardan istifadə etmək üçün insanlara gərəkli bilik­lərin və mədə­niyyətin daşıyıcısı olmalıdır.

Jurnalistika terminləri lüğəti

maarifləndirmə proqramları

Radioteleviziyada bilik və mədəniyyətin təbli­ğinə, yayılmasına xidmət edən verilişlər.

Jurnalistika terminləri lüğəti

maddi zərər

Şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində onun əmla­kından məhrum olması və ya əmlakının zə­dələnməsi, öz hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli  olduğu xərclər, habelə hüququ pozulmasaydı, adi şəraitdə əldə edə biləcəyi gəlirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, M.Z. real zərərdən və əldən çıxmış faydadan ibarətdir.

See also:

Jurnalistika terminləri lüğəti

maddi zərərin ödənilməsi

Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində hü­qu­qu pozulmuş şəxsin əmlakına vurulmuş zərərin, onun xərclərinin, habelə itirilmiş gəlirlərinin kompensasiya edilməsi.

See also:

Jurnalistika terminləri lüğəti

maket

fr. maquette < ital. maccietta – eskiz, model

1. Çap mediasında və poliqrafiyada – üzərində mətn qrankaları və illüstrasiyaların basma surətləri yapışdırılmış, gələcək nəşrin formatına uyğun vərəqlər. 

2. Qəzetin, jurnalın, kitabın sınaq nüsxəsi. 

3. Televi­zi­yada – çəkilişin natura obyektlərini lentə almaq mümkün olmadıqda onların pavilyonda, yaxud studiyada müəyyən ölçüdə quraşdırılmış modeli, təsviri.

Obyektin qeyri-təbiiliyi ekranda nəzərə çarpmamaq üçün M. mümkün qədər dəqiq, detallı, miqyaslara uyğun olmalıdır. 

4. Bir şeyin kiçik nümunəsi, dekorasiyanın, studiyanın həcm-fəza təsviri.

See also:

Jurnalistika terminləri lüğəti

makina

lat. machina – mexanizm, qurğu, konstruksiya

Hərfləri, rəqəmləri, digər işarələri ardıcıllıqla informasiya daşıyıcısı, əsasən, kağız üzərində çap edən mexaniki, elektromexaniki və ya elektron-mexaniki cihaz.

Bunun üçün M. üstündə hərf, rə­qəm və işarələr qeyd olunmuş xüsusi düy­mələr sistemi (klaviatura) ilə təchiz edilir. M. XVIII əsrdə ixtira edilib, XIX–XX əsr­lərdə ondan mətnlərin azsaylı nüsxələrinin ça­pında geniş istifadə olunub, hazırda M. fərdi bilgisayarla əvəzlənib.

See also:

Jurnalistika terminləri lüğəti

makinaçı

lat. machina – mexanizm, qurğu, konstruksiya

Çap makinasında sürətli və keyfiyyətli yığımı həyata keçirən mü­tə­xəs­sis.

XIX–XX əsrlərdə M.-lar hazırlayan texniki peşə məktəbləri, kurslar fəaliyyət göstərib, klaviaturaya baxmadan gözü­bağlı çap edən M.-ların Amerika və Avropa çem­pionatları, dünya müsabiqələri keçi­rilib.

See also:

Jurnalistika terminləri lüğəti

maklüenizm

media nəzəriyyəçisi Maklü­e­nin adından

Rabitə və ünsiyyət vasitə­lə­rinin cəmiyyətin inkişafında həlledici rolu barədə konsepsiya.

İdeyanın əsasını «kommunikasiya vasitəsi özü məlumatdır» tezisi təşkil edir. Kanadalı sosioloq və media nəzəriyyəçisi Marşall Maklüenin adı ilə bağlı olan bu konsepsiyaya görə, cəmiy­yətin inkişafı ictimai-iqtisadi formasiyaların (feodalizm, kapitalizm və s.) bir-birini əvəz­ləməsi ilə deyil, kütləvi ünsiyyət, xüsusilə elektron kütləvi informasiya vasitələri sa­həsində tərəqqi ilə şərtləndirilir və məhz bu tərəqqi insana ətraf mühiti qlobal miq­yasda dərk etmək, ona təsir göstərmək imkanı verir.

Jurnalistika terminləri lüğəti

makreyker

ing. muckraker – çirkab təmiz­ləyən

Dövlət qurumlarında rüşvət və ­korrupsiya hallarını ifşa edən, cəmiyyətə açıqlayan jurnalist.

M.-lər şərti olaraq «çirkab təmizləyən jurnalistika» adlan­dı­rılan araşdırma janrında materiallar ha­zırlayır, faktları toplayarkən detektivlərin istifadə etdikləri üsullardan yararlanırlar. Bu janr XIX əsrin sonlarında – XX əsrin əv­vəllərində ABŞ-da formalaşıb. İlk M.-lər öl­kənin bəyan etdiyi demokratik prinsiplərlə həyat reallıqları arasındakı ziddiyyətləri görür və kəskin tənqidi çıxışları ilə həmin fərqin aradan qaldırılmasına çalışırdılar. Termini ilk dəfə 1906-cı ildə ABŞ prezidenti Teodor Ruzvelt öz çıxışında işlədib. O, M.-ləri «təzək kürümək üçün bellə daim çirkab təmizləyən və başının üstündəki parlaq göy qübbəsini görməyən» ədəbi qəhrəmana bənzədib və deyib: «Çirkab təmizləyənlər çox vaxt cəmiyyət üçün gərəklidirlər, amma bir şərtlə ki, nə vaxt çirkabda eşələnməyin kifayət etdiyini bilsinlər».

See also:

Jurnalistika terminləri lüğəti

maksimum uzaqlıq

Radio və televiziya ötürücüsündən siqnalın alınmasının müm­kün olduğu maksimum məsafə.

Jurnalistika terminləri lüğəti

maqnitofon

yun. magnetis lithos – hərfi mənada: «Maqnesiyadan (Kiçik Asiyada qədim şəhər) gətirilən daş» + yun. pho­ne – səs

Səsi maqnit daşıyıcıya (adətən, maqnit lentinə) yazan və sonra can­lan­dıran qurğu.

M.-ların professional (studiya yazıları, reportajların hazırlanması üçün) və məişət, bircığırlı və çoxcığırlı, monofonikstereofonik kimi növləri olur.

See also:

Jurnalistika terminləri lüğəti

maqnit lenti

yun. magnetis lithos – hərfi mənada: «Maqnesiyadan (Kiçik Asiyada qədim şəhər) gətirilən daş» + lat. lintea – kətandan düzəldilmiş

Qeyri-maqnit küt­lədən (adətən, plastmasdan) nazik elastik lent formasında hazırlanmış informasiya daşıyıcısı.

M.L.-nin səthi nazik maqnit tə­bəqəsi ilə örtülür. İnformasiya M.L.-nin üzə­rinə maqnit yazısı vasitəsilə həkk ­olunur. M.L.-ndən səsvideo yazılışı pro­seslərində, hesablama texnikasında, avtomatikada və s. sahələrdə istifadə edilir. 

Jurnalistika terminləri lüğəti

maqnit yazısı

yun. magnetis lithos – hərfi mənada: «Maqnesiyadan (Kiçik Asiyada ­qə­dim şəhər) gətirilən daş»

İnformasiyanın maqnit lentinin (məftilinin və s.) ­sət­­h­inə yazılmasını, həmçinin oradan oxun­­­ması­­nı təmin edən sistem.

Maqnitofonun ­(diktofonun) mikrofonu səsi elektrik im­pulslarına çevirir, lent həmin siq­nalları ­mik­­rofondan qəbul edən elektromaqnitin qarşısından keçir və elektromaq­nit in­duk­siyası vasitəsilə lentin sət­hindəki maqnit təbəqəsində impulslara uyğun ardıcıl dəyi­şikliklər baş verir. Ye­nidən can­landırma za­manı əks çevrilmə prosesi gedir. Qeydə alınmış dəyi­şik­lik­lərdən müvafiq informa­siya siqnalları ha­sil olunur və səs güclən­diricisinə ötürülür. M.Y.-ndan səslə birlikdə təsvirin (videomaqnitofon), ölçü, idarə­et­mə, hesablama siqnallarının və s.-nin yazılması üçün də isti­fadə edilir.

Jurnalistika terminləri lüğəti