Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

divani

Aşıq poeziyasında hər bəndi dörd misradan, hər misrası 15-16 hecadan ibarət şeir şəkli.

Divani vəzn eti­barilə aşıq şeirinin ən ağır şəklidir. Daha çox 5-6 bənddən ibarət olur. Qafiyə şəkli a.a.b.a, c.c.c.a, d.d.d.a ... kimidir. Adətən, coşqun, təntənəli, döyüşkən ruhda olur. Divanilərdə misralar ifa olunduqları musiqi havasının tələbinə əsasən iki yerə bölünərək oxunur. Bu zaman dördmisralıq şeir şəkli olan divani səkkizmisralı şəkil alır; məsələn:

Ey varı yoxdan yaradan, / bizi gözdən eyləmə,
Kölgəni sal üstümüzdən, / çoxdan-azdan eyləmə.
Könül istər haqdan yaza, / aydın elə yolları,
Axıcılıq ver dilimə, / şirin sözdən eyləmə.

                            ***

Heyran qalıb Aşıq Qurban /təbiətin işindən,
Yay, yazından, hər günündən, /payızından, qışından,
Varlığını duyur ürək /torpağından, daşından,
Yaxşıları qoy yaşasın, /yaşın yüzdən eyləmə.

                                                             (Aşıq Qurban Pirvəli)

Divaninin əvvəl-axır, cığalı, dodaqdəyməz, cinaslı və s. növləri vardır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

divani-müxəmməs

Qafiyə quruluşu və misraların sayı ba­xımından müxəmməsə oxşayan divani şeir şəkli.

Divani-müxəmməs bənddəki misraların sayından və qafiyə sis­­temindən başqa, divaninin bütün xüsusiyyətlərini özündə saxlayır. Belə ki, bəndlərin sayı 5-6, hər misrada hecaların sayı 15-16 olur. Birinci bənd müxəmməsdə olduğu kimi a.a.a.a.a, sonrakı bəndlər b.b.b.b.a və s. şəklində qafiyələnir. Divani-mü­­­xəm­məsdə həm lirik duyğular, həm də sosial-ictimai motivlər öz əksini tapa bilir:

Ey könül, qəm çəkmə kim, dildartək canan gəlib,

Dur ayağa, et təvazö, huriyi-qılman gəlib,

Saçı sünbül, xalı filfil, telləri reyhan gəlib,

Bülbüli-divanədur, gül açılıb, gülşad gəlib.

Ağlama, ey gözlərim, sirri-dili-pünhan gəlib...

                                            ***

...Bir cavan, tutizəban, qamətkəman, qönçədəhan,

Mumyan, qəmzəsi qan, qürbi-cahan, bir novcavan,

Can alan, qanlar salan, gülü reyhan, bir tazacan,

Nüktədən, könül sıxan, eylər bəyan, sərvi-rəvan,

Ey Qurban, etmə fəğan, axtardığın insan gəlib. (M.Qurban)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dördlük

Folklorda, klassik və müasir şeirimizdə bəndi dörd misradan ibarət olan birbəndli və çoxbəndli poetik forma.

Dördlük folklor ədəbiyyatında işlənməyə başlayıb. Qoşma, gəraylı, təcnis, bayatı, varsağı, divani şeir şəkilləri dördlüyə daxildir. Yazılı ədəbiyyatda işlənən dördlüklər, əsasən, mürəbbe, rübai, tuyuq, taziyanə və başqalarıdır. Dördlük birbəndli və çoxbəndli olur. Əsasən, 3, 5 bənddən ibarət olan dördlüklər (qoşma, gəraylı, təcnis, mürəbbe, divani və s.) çoxbəndli dördlüklər hesab olunur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dram

yun. dram – hərəkət

1) Bədii ədəbiyyatın üç əsas növündən biri: obrazların monoloqdialoqları şəklində yazılmış bədii əsər.

Bu ədəbi növə daxil olan əsərlər, adətən, pyes adlanır. Dram janrında yazılmış əsərin mətnində obrazların danışığından əlavə, müəllif remarkaları da yer alır. Remarkalarda hadisələrin baş verdiyi yer, obrazların səhnədə hərəkəti və s. təsvir olunur. Dramın başlıca xüsusiyyəti onun səhnədə tamaşaya qoyulmaq üçün yazılmasıdır. Dramın ilk nümunələri antik dövrdə yaradılıb. Azərbaycan, eləcə də Yaxın Şərq ədəbiyyatında ilk dram nümunəsi M.F.Axund­za­dənin 1850-ci ildə yazdığı “Hekayəti-molla İbrahimxəlil kim­yagər” əsəridir.

 2) Dram ədəbi növünə aid janrlardan biri.

Müstəqil janr kimi dram (meşşan dramı) XVIII əsrin II ya­rısında Fransa və Almaniyada yaranıb. Dramın əsas xüsu­siy­yəti xarakterlər arasındakı dramatik münasibətlərin ini­kasıdır. Komediyadan fərqli olaraq bu münasibətlər gülüş obyekti deyil, ciddi kolliziya yaradır. Lakin faciədən fərqli olaraq dramda insanlar arasındakı münasibətlərdən yaranan konflikt həll oluna biləndir. Azərbaycan ədəbiyyatında dram janrına ilk dəfə N.Nərimanov (“Nadanlıq”, “Şamdan bəy”) müraciət edib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dua

Şifahi xalq yaradıcılığında xoşbəxtlik, xeyir, uğur, qələbə arzusu ifadə edən obrazlı mətnlər.

Poetik parçalar, nəsrlə ifadə edilmiş deyimlər şəklində olur. Duada bədii ifadə vasitələrindən – məcazüslubi fiqurlardan geniş istifadə edilir. “Kitabi-Dədə Qorqud” dastanında Dədə Qorqudun dilindən çoxlu dualar verilib; məs.: “Kölgəlicə qaba ağacın kəsilməsin”, “Haqq yandıran çırağın yana dursun”, “Ağ­saq­qallı baban yeri uçmağ olsun” və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti