Reklam
Reklam

Все словари

Fanerozoy

yun. phaneros – aşkar, görünən + yun. zoe – həyat

Yerin geoloji tarixində çox uzun mərhələ, iki eondan biri.

F. eonu müasir dövrdə də davam edir, onun nə vaxt başlandığı barədə isə elmdə müxtəlif fikirlər var. Britannika ensiklopediyasında bu eonun 541 mln., Almaniya ensiklopediyasında 580 mln., Rusiya geoloji ensiklopediyasında 570±20 mln., Türkiyə coğrafiya terminləri sözlüyündə 600 mln. yaşı olduğu göstərilir. Bütün hallarda F.-un başlanğıc tarixi 600-540 milyon il əvvələ təsadüf edir. F. eonu Paleozoy, MezozoyKaynozoy eralarına bölünür. Bu termini Yerin geoloji tarixini 2 ən böyük mərhələyə (Kriptozoy və F. eonları) ayırmış Amerika geoloqu Ceyms Çedvik təklif edib (1930). Kriptozoy eonundan fərqli olaraq F.-da canlı orqanizmlərin daşlaşmış qalıqları tapıldığı üçün eona məhz bu ad verilib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

fasiya

lat. facies – zahiri görünüş

1. Geologiyada: çökmə süxurun formalaşmasına şərait yaradan fiziki-coğrafi şərtlərin məcmusu.

Eyni mənşədən olan, lakin formalaşma şəraitindən asılı olaraq struktur və tərkibinə görə bir-birindən fərqlənən çöküntülər (məsələn, göl və okean çöküntüləri) fasial çöküntülərdir.

2. Landşaftşünaslıqda – coğrafi landşaftın bölünməz, ən bəsit morfoloji vahidi, təbii kompleksin ən kiçik hissəsi.

Bu termin makrorelyefin ayrıca, ən sadə formasına (məsələn, düzənlikdə dərə), yaxud mezorelyefin bir elementinə aid edilir (məsələn, dərənin dibi).

Coğrafiya terminləri lüğəti

fauna

lat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı

Müəyyən ərazi, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.

Hər hansı keçmiş geoloji dövrdə yaşamış, süxurların və ya çöküntü qatlarının arasından qalıqları tapılmış heyvan orqanizmləri kompleksi də öz dövrünün F.-sını təşkil edir: məsələn, Paleozoy erasının F.-sı. F. avtoxtonlardan (tarixən bir yerdə inkişaf etmiş heyvanlardan) və immiqrantlardan (gəlmə, gətirilmiş heyvanlardan) ibarətdir. F. termini ayrı-ayrı heyvan növlərinə də şamil edilir (məs.: quşların F.-sı, balıqların F.-sı).

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

fauna rayonlaşdırması

lat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı + fr. rayon – şüa, radius

Yer səthinin, qurunun və Dünya okeanının xarakterik heyvanlar aləminə, endemik cinslərin mövcudluğuna, onların inkişaf tarixinə, yayılma xüsusiyyətlərinə görə fərqləndirilən böyük ərazi vahidlərinə, akvatoriya sahələrinə bölünməsi.

Bölgü aparılarkən bir çox xüsusiyyətlər, hətta heyvan növlərinin sayı və ətraf mühitə təsir dərəcəsi də nəzərə alınır. F.R.-nda Yer səthi faunistik region, vilayət, əyalət və bu kimi bir-biri ilə əlaqəli hissələrə ayrılır.

Coğrafiya terminləri lüğəti

fay

fr. faute – çat

Tektonik hərəkətlər, məsələn, zəlzələ nəticəsində dağ süxurlarının qırıldığı və bloklardan birinin digərinə nisbətən qalxdığı, yaxud çökdüyü Yer səthi sahəsi.

Əgər qırılma xəttində bloklardan biri maili surətdə aşağı sürüşürsə, buna normal, yaxud düz faylanma, əksinə, digər blokun üzərinə qalxırsa, buna tərs faylanma deyirlər. Adətən, F.-lar pillə-pillə olur. Normal faylanmada çökən F.-lara qraben, yüksəklikdə qalan F.-lara horst deyilir.

Coğrafiya terminləri lüğəti

faydalı qazıntılar

Yer qabığında yerləşən, iqtisadiyyatın və texnikanın müasir inkişaf mərhələsində təsərrüfatda istifadəsi mümkün olan qeyri-üzvi və üzvi mənşəli təbii mineral birləşmələr.

F.Q. bərk, maye və qaz halında olur; tərkibinə, həmçinin xalq təsərrüfatında istifadə formalarına görə 3 əsas qrupa bölünür: filiz (metal) qrupu (qara, əlvan, nadir, nəcib, radioaktiv və s. metal filizləri); qeyri-filiz qrupu (sement xammalı, çınqıl, qum, qrafit, apatit, fosforit, qiymətli daşlar və s.); yanar qazıntılar qrupu (kömür, neft, təbii qaz, torf, yanar şistlər). F.Q. Yer qabığının inkişaf tarixi ərzində endogen (yəni daxili, məsələn, maqmanın soyuması) və ekzogen (yəni xarici, məsələn, qırıntıların çökməsi, çürüməsi) proseslər nəticəsində əmələ gəlib.

Coğrafiya terminləri lüğəti

faylı dağlar

Yer qabığının, əsasən, hamar relyefə malik qədim platforma sahələri üzərində yaranan dağlar.

Qırışıq dağlardan fərqli olaraq bu dağlar, əsasən, xarici qüvvələrin təsirindən parçalanır və ümumən alçaq olur (məs.: Ural, Appalaç, Kap, Skandinaviya, Böyük Suayırıcı və s. dağlar).

Coğrafiya terminləri lüğəti