Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

eon

yun. aion – zaman

Yerin geoxronoloji bölgüsündə ən böyük vaxt vahidi.

Yer planetinin geoloji inkişaf mərhələsi iki E.-a bölünür: Kriptozoy (Kembriyəqədərki E.) və Fanerozoy. “Kriptozoy” termini “gizli həyat”, “Fanerozoy” termini isə “aşkar həyat” kimi tərcümə edilir. Bu adlar E.-lara həmin dövrlərə aid süxurlarda heyvan qalıqlarının aşkar olunub-olunmaması əsas götürülərək verilib. Birinci E. – Kriptozoyun adı və stratiqrafik bölgüsü barədə elmi mübahisələr uzun müddət davam etməkdədir və bu, lüğətlərdə, ensiklopediyalarda öz əksini tapır. Onların bəzilərində belə bölgünün olmadığı, digərlərində 2, yaxud 3 dövr (era) bölgüsünün olduğu göstərilir. Lakin Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib edərək sayta yerləşdirdiyi geoloji vaxt xəritəsini əsas götürsək, Kembriyəqədərki E. üç hissəyə ayrılır: Heyden (Yerin yaranma tarixindən – 4,6-3,9 mlrd. il əvvələdək), Arxey (3,9-2,5 mlrd. il əvvələdək), Proterozoy (2,5 mlrd. – 540 mln. il əvvələdək). Fanerozoy E.-na isə (təxminən 540 mln. il əvvəldən bu günədək) Paleozoy, MezozoyKaynozoy eraları aiddir. E. termini ilk dəfə 1875-ci ildə amerikalı geoloq Ceyms Dana tərəfindən elmə daxil edilib.

Coğrafiya terminləri lüğəti