Gerçəkliyin yazıda və ya şəkildə inikası.
Bədii əsərdə təsvir müəllif ideyasını və məqsədini reallaşdırmaq üçün əsas vasitədir. Təsvirdən bədii ədəbiyyatın istənilən növündə istifadə edilir. Lirik təsvirdə tərənnüm, epik təsvirdə təhkiyə, dramatik təsvirdə məkan və hərəkət təsvirin formaları kimi çıxış edir. Peyzaj, portret və s. təsvir üzərində qurulan mətnlərdir. Lakin təsvir yalnız obyektiv varlığın zahiri görünüşünün deyil, onun daxili aləminin, ruhi vəziyyətinin əks etdirilməsidir. Bədii əsərdə təsvirin öz xüsusiyyətləri vardır ki, onların əsasında obrazlılıq, müəyyən estetik prinsiplər durur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMəcazın növlərindən biri: əşya və ya hadisənin müəyyən bir əlamətə görə daha qüvvətli bir əşya və ya hadisəyə oxşadılması; bənzətmə.
“Təşbeh” ərəb sözü olub mənası “oxşatmaq, bənzətmək” deməkdir. Burada bənzədilən əlamət və obyekt fikrin bədii təsir gücünü artırır: Gah yalquzaq kimi ulayır külək, / Gah da quzu kimi yatır, dincəlir (S.Vurğun). Nümunədə “yalquzaq kimi ulayır”, “quzu kimi yatır, dincəlir” ifadələri təşbehdir. Təşbehin əsasını müqayisə təşkil edir. Bu müqayisədə fərqlilik deyil, oxşarlıq axtarılır. Təşbeh, əsasən, aşağıdakı ünsürlər əsasında yaradılır: 1) bənzəyən – külək, 2) bənzədilən – yalquzaq, 3) bənzətmə qoşması – kimi, 4) bənzətmə əlamətləri – ulayır, yatır, dincəlir. 2-ci və 3-cü ünsürlər təşbehi metafordan fərqləndirən əsas elementlərdir. Təşbeh iki növə ayrılır: müfəssəl təşbeh, mükəmməl təşbeh.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAsılı tərəf kimi başqa cümlə üzvlərinə yanaşma əlaqəsi ilə qoşulan ikincidərəcəli cümlə üzvü.
Necə? nə cür? və hansı? suallarına cavab verir. Cümlədə daha çox sifətlə, həmçinin isim, say, zərf, əvəzlik, ismi birləşmələr və feili sifətlə ifadə oluna bilir. Məsələn: Böyük insan bağışlamağı bacarmalıdır. Həsən müəllim bizə tərəf gəldi.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədə buraxılmış və ya əvəzlik-qəliblə ifadə olunmuş təyinin suallarına cavab verən budaq cümlə.
Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir. Təyin budaq cümləsi əksər zaman baş cümlədən sonra gəlir. Bu vaxt əlaqə vasitəsi ya ki tabelilik bağlayıcısı, ya da intonasiya olur; məs.: Mən o (hansı?) kəndləri gəzmişəm ki, havası havadır, suyu sudur. Elə (necə?) otlar var, min bir dərdin dərmanıdır. Bəzi təyin budaq cümlələrində budaq cümlə baş cümlədən əvvəl gəlir. Bu zaman o, bağlayıcı sözlə əlaqələnir: Qızım, ürəyin kimə yatsa, səni o adama ərə verəcəyəm (Y.V.Çəmənzəminli).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏşyanın ümumiləşmiş əlamətini göstərən əvəzlik.
Təyini əvəzliklər bunlardır: bütün, hər, öz, filan, eyni və s. Təyini əvəzliklər necə? hansı? suallarına cavab verir və cümlədə daha çox təyin olur. Quruluşca yalnız sadə olur. Təyini əvəzliklər işarə əvəzliyi kimi sifəti əvəz edir. Heç bir təyini əvəzlik cəmlənə bilmir. Yalnız öz əvəzliyi isimləşərək mənsubiyyət və hal şəkilçisi qəbul edib cümlənin mübtəda, tamamlıq və xəbəri də ola bilər; məs.: Özüm bunu götürdüm. Özünə baxma. Hamısı özümündür.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. zikr – yada salmaq
Orta әsrlәrdә Şәrqdә, həmçinin Azәrbaycanda geniş yayılmış elmi-әdәbi əsər növü.
Təzkirədə bioqrafik məlumatlar vә sәnәtkarlıq mәsәlәlәri üstünlük tәşkil edir. Burada görkәmli әdәbi şәxsiyyәtlәr, hadisәlәr haqqında mәlumat vә ayrı-ayrı әsәrlәrdәn nümunәlәr verilir. Təzkirəçi ədibin doğum və vəfat yerini, tarixini göstərir, məzarını nişan verir, ədibin əsərlərini və onların qısa məzmununu şərh edir, şeirlərindən misallar gətirir. Şərq ədəbi təzkirəçiliyi yığcam və ensiklopedik xarakter daşıyıb. Türkdilli xalqlar arasında “Mәcalisün-nәfais” adlı ilk təzkirəni böyük özbәk şairi Әlişir Nәvai yazıb. Ədəbiyyatımızda Bağdad ədəbi məktəbinin təzkirəçiləri Əhdi Bağdadinin “Gülşəni-şüəra” və Şamil bəy Sadiqin “Məcməül-xəvas” təzkirələri əhəmiyyətli ədəbiyyat tarixi mənbələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı dövrün, sosial təbəqənin, insan xarakterinin əsas xüsusiyyətlərini özündə birləşdirən ədəbi qəhrəman, surət; ümumiləşdirilmiş obraz.
Bədii əsərlərdə yaradılan bir çox obrazların əsasında real həyatdan götürülmüş konkret şəxslər (prototiplər) dayanır. Lakin müəllif onların xarakterindəki əsas cəhətləri qabartmaqla, olmayanları əlavə etməklə dövrünün tipik obrazlarını yaradır. Məsələn, M.Y.Lermontovun yaratdığı “artıq adam” (Peçorin), Turgenevin yaratdığı nihilist (Bazarov) surətləri həmin dövrün ümumiləşdirilmiş obrazlarıdır. Azərbaycan ədəbiyyatından bu cür obrazlara xeyli misal gətirmək olar: Hacı Qara (M.F.Axundzadə) – xəsis tacir tipi, Mirzə Səfər (Ə.Haqverdiyev) – namuslu insan tipi, Cahandar ağa (İ.Şıxlı) – ortodoksal bəy tipi və b. Tip əsərin ideyasının daha dərindən açılmasına xidmət edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİstənilən bədii obrazın əsasında duran ümumilәşdirmә vә fәrdilәşdirmәnin sintezi.
Yazıçı müşahidə etdiyi hər bir hadisəni və şəxsi olduğu kimi qələmə almaqla kifayətlənmir. Həyatda baş verən hadisələrdə, həmçinin müxtəlif insanlarda olan oxşarlıqları seçir və bir şəxsin timsalında ümumiləşdirir. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərində Rüstəm bəy, Səməd Vahid və Mirzə Məhəmmədəli qardaşları tipik obrazlardır. Onlardan biri Rusiyaya, biri İrana, digəri isə Osmanlıya meyil edən müxtəlif ziyalı şəxslərin ümumiləşmiş surətləridir. Bununla yanaşı, tipikləşdirmə zamanı xarakterin fərdiliyi ümumiləşdirməyə qurban verilməməlidir, əks halda obraz çox quru və sxematik alınar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAyırıcı durğu işarələrindən biri ( – ).
Sadə cümlədə həmcins üzvlərə aid ümumiləşdirici sözlərdən əvvəl, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən tərkib hissəsindən əvvəl, vasitəsiz nitq dialoq şəklində qurulduqda vasitəsiz nitqdən əvvəl və bəzi ara cümlələrdən əvvəl və sonra qoyulan durğu işarəsidir; məs.: Meşədə, bağda, küçədə, meydanda – harada görürsə, məni evinə dəvət edir (M.S.Ordubadi). Əmir xidmətçiyə: – Get, Hacibi bura çağır, – dedi (M.S.Ordubadi).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCəm şəkilçisi qəbul etmədən say etibarilə çoxluq, topluluq bildirən isim.
Toplu isimlər qrammatik cəhətdən təkdə olan isimlərdir, lakin onlar yekcins şəxs və ya əşyaların hamısını bir bütöv vahid şəklində bildirir; məs.: cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, camaat, el, üləma, şüəra, əhali, alay və s. Camaat, şüəra, əhali sözləri istisna olmaqla toplu isimlər cəm şəkilçisi qəbul edə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüxtəlif yerlər, eləcə də yer adlarının – toponimlərin yaranması ilə bağlı əfsanələr.
Folklorumuzda çoxlu belə əfsanələr mövcuddur: “Pəri qala”, “Dədəgünəş”, “Siyəzən”, “Dəmirqaya”, “Beşbarmaq dağı”, “Səngəçal”, “Çənlibel”, “Göyçə gölü”, “Şahdağ” və s. Bəzən belə əfsanələrdə tarixiliyə bir iddia olur: tarixi şəxsiyyətin və ya hadisənin adı çəkilir. Bir çox hallarda isə toponimik əfsanələr sırf xalq təxəyyülü və mifoloji təfəkkür əsasında yaranır. İstənilən halda toponimik əfsanələr müəyyən ərazidəki yerlərin tarixi mənşəyi, etnogenezi haqqında qiymətli mənbə sayılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq ədəbiyyatının lirik janrlarından biri; nikahla bağlı mərasimlərdə oxunan nəğmələr.
Folklorumuzda “Toyun mübarək olsun”, “Yaxşı bəzək vurun bizim gəlinə”, “Xoş gəldin sən bizə”, “Qardaşımın toy qoyunu”, “Bəyin tərifi”, “Ay, yara xoş gəldin deyin” kimi nəğmələr mövcuddur. Bir çox digər nəğmələr kimi toy nəğmələrinin də konkret bədii forması (struktur, qafiyə) olur. Toy nəğmələri elçilik, nişan, oğul evləndirmək, gəlin köçürməklə bağlı oxunan nəğmələrdir:
Qızılgülü biçmişəm,
Biçəndə and içmişəm.
Yüz gözəlin içindən
Təkcə səni seçmişəm.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq və Azərbaycan ədəbiyyatında Allahın birliyini, şəriksiz olduğunu tərənnüm edən şeir.
Ədəbiyyatımızda M.Füzuli, Ş.İ.Xətai və Həbibinin yaradıcılığında rast gəlinir. Tövhiddə Allahın gücü, qüdrəti, ədaləti poetik dillə ifadə olunur. Tövhid daha çox qəsidə janrında yazılırdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti