XVII–XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən maarifçi cərəyan.
Maarifçi realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərindən Volter və Didronun nəsrində özünü göstərib. Maarifçi realistlər müsbət, şüurlu insanın tərbiyə və təhsil sayəsində yetişəcəyinə inanırdılar. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətləri və insanların qüsurlarının avamlıq və savadsızlığın nəticəsi kimi göstərilməsi əsas olub. Azərbaycan ədəbiyyatında maarifçi realizmin bariz nümayəndələri A.Bakıxanov və M.F.Axundzadə idi. Sonralar C.Məmmədquluzadə, N.Nərimanov, N.Vəzirov kimi ədiblərin yaradıcılığında maarifçi realizm baxışları özünü göstərib. Azərbaycanda sovet rejimi yarandıqdan sonra tədricən maarifçi realizm cərəyanı sosialist realizmi ilə əvəz olunub.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBilik və mədəniyyətin geniş kütlələr arasında yayılmasını təbliğ edən ideoloji cərəyan.
XVII–XVIII əsrlərdə Qərbi Avropa və Şimali Amerikada meydana çıxıb, bədii ədəbiyyatın ideya və məzmununa öz təsirini göstərib. Bu termini ilk dəfə İ.Kant “Maarifçilik nədir” məqaləsində (1784) işlədib. Lakin maarifçilik ideyaları çox qədimlərdən mövcud olub və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynayıb. Maarifçilərin fikrincə, xurafat, mövhumat, nadanlıq insan bədbəxtliyinin əsas səbəbidir. Maarif, fikir azadlığı isə mədəni və sosial inkişafda müstəsna rol oynayır. Maarifçilər insanları savadlandırmaq, onlarda müstəqil düşüncə tərzi, cəsarət tərbiyə etmək, elmi dindən ayırmaq məqsədi güdürdülər. Azərbaycanın böyük maarifçiləri sırasına Q.Zakir, S.Ə.Şirvani, H.Zərdabi, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b. aid edilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXIX əsrin ortalarında romantizm zəminində yaranmış kəskin süjetli roman janrı.
Meşşanlıqdan uzaqlaşaraq qəhrəmanlıq dünyasına düşmək istəyi romantizmə xas idi və bu cəhət macәra romanında da özünü göstərir. Macәra romanının əsas vəzifəsi oxucunu tərbiyələndirmək deyil, onu əyləndirməkdir. İlk macәra romanının müəllifləri Valter Skott (“Kventin Dorvard”, “Ayvenqo”), Fenimor Kuper (“Sonuncu mogikan”, “Ləpirçi”), Viktor Hüqo (“Paris Notr-Dam kilsəsi”), Robert Stivenson (“Dəfinələr adası”), Aleksandr Düma (“Üç muşketyor”, “Kraliça Marqo”) olub. Bir sıra mənbələrdə avantüra romanı da adlanır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq yaradıcılığında şeirlə musiqinin sintezindən ibarət lirik janr.
Adətәn, bir neçә bənd və nəqәratdan ibarət olur. Mahnı, əsasən, mәrasimlәrdә, el bayramlarında ifa olunur. Nəğmələrdən fərqli olaraq mahnıların daha kamil melodiyası və məzmunu olur və bir qayda olaraq, instrumental musiqinin müşayiəti ilə oxunur. Poetik quruluşuna, mövzu və kompozisiyasına görə də nəğmələrdən fərqlənir. Mahnıların əksəriyyəti məhəbbət məzmunlu olsa da, ictimai-siyasi mövzuda olan mahnılarımız da var: “Üçtelli durna”, “Ahu kimi”, “Bülbüllər oxur”, “Budur gəldi əsirlərin karvanı”, “Sona bülbüllər” və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTəntənəli üslubda yazılan, həyəcan və səfərbərlik ifadə edən lirik janr, mahnı.
Daha çox musiqi termini olsa da, bu janrda yazılan şeirlərin özünəməxsus forma və məzmun xüsusiyyətləri vardır. Marş müxtəlif hecalı, çoxbəndli və müxtəlif qafiyə quruluşunda olur. Əsasən, bəndlərin axırıncı iki misrası təkrarlanır. Məzmun baxımından sosial həyatın müxtəlif sahələrinə, daha çox əsgərlik həyatına həsr olunur. Ədəbiyyatımızda bu janrın ilk nümunəsini (“Mətbəəçilər marşı”) H.Cavid yaradıb. S.Vurğun, N.Xəzri, B.Vahabzadə, İ.Soltan və başqalarının marşları məlumdur. İ.Soltanın “Tunc alaylar marşı”ndan:
Fəxr eylə, ey vətən, ey ana yurdum,
Sənindir bu igid qəhrəman ordu.
Satqına, yağıya, qaniçənlərə
Bu ordu sağalmaz yaralar vurdu,
Bizim hökmümüzə baş əydi cahan,
Tarixi kökündən dəyişdi zaman!
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. memoires – xatirələr
Müәllifin şahidi olduğu, yaxud iştirak etdiyi keçmiş hadisələr haqqında yazısı; xatirə.
Avtobioqrafiya ilə müqayisədə memuarda tiplәşdirmәyә daha çox fikir verilir; yazıçı həyatdan ancaq təsvir olunan dövr və ya şəxs(lər) üçün səciyyәvi hadisәlәri seçib göstərir. Dil və üslubda bədiilik özünü göstərsə də, insanların və hadisələrin təsvirindә təxəyyülə, demək olar ki, yol verilmir. Bəzi memuarlarda müəllif iştirak etmir, hadisələr müəllifin şəxsən tanıdığı adam(lar)ın dilindən danışılır. C.Mәmmәdquluzadәnin “Xatiratım”, A.Şaiqin “Xatirəlәrim”, Anarın “Sizsiz” әsərləri memuar әdəbiyyatının nümunələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. metaphora – köçürmə
Məcazın növlərindən biri: əşya və ya hadisənin müəyyən bir əlamətinin digər əşya və ya hadisənin üzərinə köçürülməsi.
Şərq ədəbiyyatında, həmçinin Azərbaycan ədəbiyyatında metafora istiarə də deyilir. “İstiarə” sözünün də ərəbcədən tərcüməsi “köçürmək” mənasındadır; nümunə:
Arandan yaylağa tələsir yağış,
Şirin qaqqıltıdan göylər doymamış
Durnalar səf çəkib ötdü deyərlər. (H.Arif)
Burada insana xas olan əlamətlər (tələsmək, doymaq) təbiət hadisəsinin üzərinə köçürülüb. Yağış buludunun sürətli şəkildə arandan yaylağa tərəf hərəkət etməsini şair bu şəkildə daha qüvvətli ifadə edə bilib. Metafora gizli bənzətmə də deyilir, çünki burada bənzətməyə xas olan “kimi”, “tək” qoşmalarından istifadə edilmir, varlıqlar arasındakı əlaqə, oxşarlıq vurğulanmır. Klassik ədəbiyyatda çox vaxt “göz” əvəzinə “nərgiz”, “saç” əvəzinə “sünbül”, “sevgili” əvəzinə “gül”, “pəri”, “büt”, “mah”, “ulduz” sözlərindən istifadə olunur ki, bunlar da metafordur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. metonymia – addəyişmə
Məcazın növlərindən biri: varlığın və ya hadisənin adının onunla məna bağlılığı olan başqa bir ad və ya ifadə ilə əvəzlənməsi.
Metonimiyadan çox zaman lakonizm məqsədilə istifadə olunur; məs.: Şəhər bütün gecəni yatmadı (şəhərin sakinləri nəzərdə tutulur). Mənə də bir stəkan ver (bir stəkan su nəzərdə tutulur). Gecədir... Kənd yuxulu (S.Vurğun) nümunəsində “yuxulu” sözü metafor kimi də başa düşülə bilər, çünki canlı varlığı səciyyələndirən bu söz ilk baxışda məkan bildirən sözə aid edilib. Lakin burada “kəndin adamları” nəzərdə tutulduğundan “kənd” sözünü metonimiya kimi qəbul etmək lazımdır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXalq arasından çıxmış şairlәrin bədahətən şeir söylәdiklәri məclis; şeirləşmə, deyişmə.
Meyxanalar, əsasən, el şәnliklәrindә təşkil olunur, bәzәn musiqinin müşayiәti ilә, çox vaxt da musiqisiz deyilir. Meyxanada canlı hәyat hadisәlәri, ayrı-ayrı adamların nöqsan vә eyiblәri təsvir olunur. İfa olunan şeirlər (bədiyələr) satirik, yumoristik çalarların zәnginliyi, oynaqlığı vә şux әhvali-ruhiyyәsi ilә seçilir. Bədiyələr hәm bir nәfәr tәrəfindәn monoloq şәklindә, hәm dә bir neçә nәfәr tәrәfindәn deyişmә şәklində ifa oluna bilәr. Tanınmış qəzəlxan Ə.Vahid həm də meyxanaçı kimi məşhur olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün sonradan qazandığı törəmə məna.
Sözün məcazi mənası çox zaman insanlara xas müəyyən anlayışları cansız əşyalara aid etmək nəticəsində meydana çıxır; məs.: Təbiət oyandı. Günəş dağların arxasında gizləndi. Bu cümlələrdə oyanmaq, gizlənmək feilləri insanlara məxsus hərəkəti bildirir. İnsanın bədən üzvlərini bildirən bir çox sözlərin də məcazi mənası var. Bədii təsvir və ifadə vasitəsi kimi də bədii əsərlərdə sözün məcazi mənalarından geniş istifadə olunur. Sözün məcazi məna kəsb etməsi çoxmənalılığa yol açan məqamdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞərq ədəbiyyatında epik və dramatik janrda yazılmış bəzi əsərlərin tərkib hissəsi.
Süjetin, kompozisiyanın bitkin ünsürü kimi çıxış edir. Klassik ədəbiyyatda bəzi poemalar məclislər şəklində qurulub. “Dastani-Əhməd Hərami”, Y.Balasaqunlunun “Qutadqu-bilik”, M.Füzulinin “Saqinamə” əsərlərini misal göstərmək olar. Məclis çox zaman münazirə şəklində olur, adətən, oxucuya xitabla, öyüd-nəsihətlə bitir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik ədəbiyyatda müəyyən şəxsi tərif edən şeir növü; difiramb.
Klassik ədəbiyyatda əksər poemalar sifarişlə yazılırdı. Sifariş verənlər, adətən, hökmdarlar, şahlar olurdu. Şair yazdığı poemanın ənənəvi giriş hissəsində sifariş verən hökmdarı tərifləyirdi; məsələn:
Müzəffər daima Sultan Süleyman xani-adildir.
Ki, hər kim tabeyi-fərmanı olmaz – namüsəlmandır. (M.Füzuli)
Mədhiyyə, adətən, tәrif və epitet yığınından ibarәt olur. Mədhiyyələr, әsasәn, qəsidə vә məsnəvi formalarındadır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti