Reklam
Reklam

Все словари

okean novu

Okean dibində çox dərin və uzun çökəklik.

O.N. okeanın altında Yer qabığının və ya litosfer tavalarının basılaraq kontinental Yer qabığının, yaxud bir-birinin altına girməsi, mantiya süxurlarına daxil olması nəticəsində baş verir. Geoloji cəhətdən O.N. – müasir geosinklinal strukturdur, buna görə də həmin sahələr çox zaman seysmik fəallığı ilə seçilir. Belə novlar bütün okeanlarda var. Onlardan ən dərini – Marian çökəkliyi Sakit okeanda yerləşir. Dünyada ən uzun nov – 5900 km uzunluğunda Peru-Çili novu da Sakit okeandadır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

okean platosu

yun. okeanos – ucsuz-bucaqsız dəniz + fr. plateau – yüksəklik

Okean dibində ətraf sahələrə nisbətən dərinliyi az olan, səthi az parçalanmış geniş, hamar yüksəkliklər.

Coğrafiya terminləri lüğəti

okean səviyyəsinin evstatik tərəddüdləri

yun. okeanos – ucsuz-bucaqsız dəniz + yun. eu – yaxşı + yun. statis – yerində dayanmaq, sakitlik

Dünya okeanının hər yerində eyni vaxtda müşahidə edilən su səviyyəsinin tədricən dəyişməsi prosesi.

O.S.E.T. okean dibində çökmələr, yaxud iri qalxmalar, iqlimdən asılı olaraq okeanın su balansının dəyişməsi, sahil zonasında tektonik hərəkətlərin baş verməsi ilə əlaqədar yaranır. Eyni vaxtda baş verən və geniş əraziləri əhatə edən transqressiyareqressiya hadisələri məhz O.S.E.T. ilə bağlıdır. O.S.E.T. anlayışını elmə 1888-ci ildə avstriyalı geoloq Eduard Züss daxil edib.

Coğrafiya terminləri lüğəti

okean yatağı

Dünya okeanı dibinin materik yamacları və okean çökəklikləri, həmçinin orta okean dağ silsilələri arasında yerləşən hissəsi.

O.Y. okean relyefinin ən nəhəng elementlərindən biridir və təxminən 2000-3000-dən 6000 metrədək dərinlikləri əhatə edir. O.Y. okean Yer qabığı tipinə malik olub, əsasən, yastı akkumulyativ düzənliklərdən və səthi mürəkkəb parçalanmış təpəliklərdən ibarətdir. Canlı orqanizmlərin inkişafı üçün əlverişli şərait olmadığından (işığın azlığı, yüksək təzyiq və s.) bitki və heyvanlar aləmi də çox kasaddır. O.Y. Yer səthinin ümumi sahəsinin təqribən 55%-ni əhatə edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

okean Yer qabığı

Okeanın dibində Yerin bərk üst qatı.

Materik Yer qabığından fərqli olaraq, əsasən, iki laydan – üst çökmə süxur (2-5 km) və alt bazalt süxurdan (5-10 km) ibarətdir. O.Y.Q.-nın orta qalınlığı təxminən 10 km təşkil edir. Müstəsna hal kimi Dünya okeanının bəzi sahələrində (məsələn, Seyşel adaları rayonunda) qalınlığı 25-30 km-ə çatan və “mikromaterik” adlandırılan O.Y.Q.-na rast gəlmək olur: burada bazalt süxurdan başqa, qranit-metamorfik lay da yerləşir.

Coğrafiya terminləri lüğəti

okeanologiya

yun. okeanos – ucsuz-bucaqsız dəniz + yun. logos – elm, təlim

Dünya okeanında fiziki, kimyəvi, bioloji, geoloji prosesləri öyrənən elm sahəsi.

O. sahilləri, relyefi və dib qruntunu, dəniz suyunun fiziki, kimyəvi xüsusiyyətlərini və radioaktivliyini, axınları, qabarmaları, dalğaları, səviyyə tərəddüdünü, istilik, optik və akustik hadisələri, bitki və heyvanlar aləmini, okean və atmosferin qarşılıqlı əlaqəsi nəticəsində baş verən prosesləri, həmçinin Dünya okeanının ayrı-ayrı sahələrini araşdırır. O.-nın tərkibinə dəniz fizikası, dəniz kimyası, hidrobiologiya, təcrübi O., hidroqrafiya, hidroakustika, hidrooptika və bu kimi elmi istiqamətlər daxildir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

okklüziya

lat. occlusio – qapanmaq, gizlənmək

Sürətlə hərəkət edən soyuq atmosfer cəbhəsinin yavaş hərəkət edən isti atmosfer cəbhəsi ilə qovuşması.

O. zamanı qarşıdan geri çəkilən və arxadan gələn iki soyuq hava kütləsi birləşir, isti hava kütləsi troposferin daha yuxarı qatlarına sıxışdırılır. Nəticədə siklonda yağıntıların intensivliyi artır, onun hərəkəti yavaşıyır və getdikcə azalan temperatur fərqi siklonun sönməsinə səbəb olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

okklüziya cəbhəsi

Soyuq və isti hava kütlələrinin qovuşması nəticəsində yaranan mürəkkəb quruluşlu atmosfer cəbhəsi.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti