Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ahəngdarlıq

Əsasən, nəzm əsərlərini səciyyələndirən yüksək bədii keyfiyyət: səslərin, sözlərin və s.-nin uyarlığı; harmoniya.

Bədii əsərdə ahəngdarlığı şərtləndirən poetik parametrlər çoxdur: intonasiya, ritm, bölgü, alliterasiya, assonans, təkrir (anafora, epifora), söz, ifadə gözəlliyi və s. Ahəngdarlıq – bədii dilin, üslubun vacib şərtidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

akt

lat. aqtos – hərəkət, hadisə, cinayət işi

Aparılmış yoxlamanın nəticəsini əks etdirmək üçün  xüsusi komissiyanın iştirakı ilə tərtib olunan əməli yazı növü.

Məzmununa görə müxtəlif olur: cinayət aktı, dövlət aktı, təhvil-təslim aktı və s. Akt aşağıdakı ardıcıllıqla tərtib olunur:

1. “Akt” sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.

 2. “Akt” sözünün altında aktın tərtib edildiyi tarix və yer göstərilir.

 3. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.

 4. Yoxlama predmeti haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır.

 5. Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur.

 6. Aktı tərtib edənlərin imzası aktın sonunda qoyulur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

alınma söz

Başqa dillərdən alınıb ana dilində işlədilən söz.

Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki əsas qru­­pa bölünür: ərəb-fars (müəllim, pəncərə, xaric, məktəb, kitab və s.) və rus-Avropa (demokratiya, traktor, maşın, jurnal və s.) mənşəli sözlər. Alınma sözlər arasında terminlər çoxluq təşkil edir. Belə ki, yeni elmi anlayış hansı ölkədə meydana gəlirsə (kəşf, ixtira olunursa), onu ifadə edən söz də həmin xalqın dilində yaranır və sonradan başqa dillərə keçir. Dilimizdəki alınma sözlərin əksəriyyəti isimdir. Sadə feillər, şəxs əvəzlikləri arasında alınma sözlərə rast gəlinmir. Alınma sözlər dildə nitqi zənginləşdirir, onu dəqiq və ifadəli edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

antiteza

yun. anthi – əks + thesis – fikir

Bədii nitqdə fikri daha təsirli ifadə etmək üçün anlayışların, obrazların, situasiyaların qarşılaşdırılması; bədii təzad.

Antitezadan yalnız bədii, publisistik ədəbiyyatda deyil, həm də şifahi nitqdə tez-tez istifadə olunur; məs.: Avtomobil dəbdəbə deyil, nəqliyyat vasitəsidir. Bir çox hallarda antiteza söz birləşməsi və ya cümlə daxilində əksmənalı sözlərin – antonimlərin işlədilməsi ilə müşayiət olunur; məs.: “Hərb və sülh” (L.Tolstoy). Gecənin xeyrindən səhərin şəri yaxşıdır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

antologiya

yun. anthologia – rənglər toplusu

Müxtəlif yazıçıların seçilmiş əsərlərindən və ya folklor nümunələrindən ibarət məcmuə, toplu.

Әdəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (M.ö. 60-cı illər) tərtib edib. Onun “Çələng” adlı antologiyasına öz əsərlərindən əlavə, qırx altı şairin şeiri daxil idi. Orta əsrlərdə Şərqdə geniş yayılmış təzkirələr antologiyanı xatırladır. Azərbaycanda ilk anto­lo­giyanı H.Ə.Qayıbov («Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir»; 4 cilddə) tərtib edib. Müasir dövrdə hər hansı bir xalqın ədəbiyyatından seçilmiş nümunələri özündə ehtiva edən məcmuələrə də antologiya deyilir: “Azərbaycan ədəbiyyatı antologiyası”, “Türk xalqları ədəbiyyatı anto­lo­giyası” və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti