Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəbər

Haqqında danışılana aid hərəkət və ya hökmü bildirən cümlə üzvü.

Xəbər və mübtəda cümlənin qrammatik əsa­sını təşkil edən baş üzvlərdir; məs.: Göyərçinlər evlərin da­mında yuva qurmuşlar. Xəbər nitq hissələri, söz bir­ləş­mələri, məsdər, feili sifət tərkibləri, frazeoloji birləşmələr, təsriflənən feillər və s. ilə ifadə olunur; məs.: Uşaqlar həyətdə oyna­yırdılar. Azərbaycanın elm mərkəzlərindən biri AMEA-dır. Bu şagird məktəbi təzə bitirənlərdəndir. Xəbər ifadə vasitələrinə görə iki cür olur: feili xəbər, ismi xəbər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəbər budaq cümləsi

Baş cümlədə əvəzlik-qəliblə ifadə olunmuş xəbəri izah edən və xəbərin suallarına cavab olan budaq cümlə.

Xəbər budaq cümləsinin iki tipi vardır: 1. Bu­daq cümlə baş cümlədən qabaq işlənir və tərkibində bağlayıcı söz (kim, hər kim, hər kəs, nə, hər nə, necə, nə cür) iştirak edir: Kəssə hər kəs (bağlayıcı söz) tökülən qan izini, Qurtaran dahi odur (əvəzlik-qəlib) yer üzünü (H.Cavid). 2. Əvvəl baş cümlə gəlir və budaq cümlə ona bağlanır. Baş cümlənin xəbəri müxtəlif formalarda işlənən odur, budur, elədir, belədir, o oldu, bu oldu, ona görədir, buna görədir və s. əvəzlik-qəlib­lərindən ibarət olur; məs.: Tələbim də bu oldu ki, Bakıdan komissiya gəlib bizim işimizi yoxlasın (Ə.Vəliyev); Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var (M.Cəlal).

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəfif

Əruz vəzninin 9-cu bəhri.

Xəfif bəhrinin iki növü var. Birinci növ fəal, ikinci növ passiv xəfif adlandırılır. Fəal xəfif fə`ilAtün məfA`ilün fə`ilün təfiləsindədir; məs.: Qoca Qafqaz /, adında var/ əzəmət (İ.Cəfərpur). Passiv xəfif fA`ilAtün  məfA`ilün  fə`ilAtün təfiləsindədir; məs.: Düşməni-duni nabəkarə bəlayəm (M.Füzuli). Birinci növ xəfif bəhrinə “Həft peykər” vəzni, ikinci növ xəfif bəhrinə “Füzuli xəfifi” də deyilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəmsə

Klassik Şərq, eləcə də Azərbaycan poeziyasında beş poemadan ibarət mənzum əsərlər toplusu.

İlk xəmsə (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) müəllifi Nizami Gəncəvi olub. Onun poe­malar toplusuna özündən sonra “xəmsə” adı verilib. N.Gən­cəvidən sonra hind şairi Əmir Xosrov Dəhləvi, fars-tacik şairi Əbdürrəhman Cami, özbək şairi Əlişir Nəvai xəmsə yaradıblar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xoyrat

İraq türkmənlərində lirik şeir şəkli.

Bəzi mən­bələrdə “xoryat”, “qoyrat”, “qoryat” kimi də adlandırılır. Adətən, mahnı kimi oxunur. Bir çox cəhətdən bayatıya oxşayır. Bayatının ilk misrasındakı “əzizim”, “əziziyəm”, “mən aşiq” sözləri xoyratda bəzən “Әsmərim”, “Әsmərin” sözləri şəklində işlədilir; məs.:

 Əsmərim biçin, biçin,

Ölürəm Əsmər üçün,

Aləm mənə düşməndir

Əsməri sevdiyimçün.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xalq dramı

Müəllifi bilinməyən mərasim və etno-mədəni tamaşa-oyunların bədii mətni.

Bu oyunlar daha çox komik-didaktik xarakterli olur. Xalq ruhunu, xalqın arzu və istəklərini əks etdirən primitiv kompozisiyalı pyeslərdir. Azərbaycanda X.D.-nın bir çox nümunələri bu günümüzə qədər gəlib çıxıb; məs.: “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Hambal və xanım”, “Lotu Qara və molla”, “Keçəl Sərvətalı” və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xarakter

yun. charakter – əlamət, fərqli xüsusiyyət

Bədii əsərdə surətin hərəkət və davranışında, həyat hadisələrinə yanaşmasında təzahür edən fərdi xüsusiyyətlərin məcmusu.

Hər bir xarakter müəyyən ümumbəşəri dəyərlərin daşıyıcısı olmaqla yanaşı, yalnız onu səciyyələndirən bir sıra fərdi cəhətlərə malik olur. Bu baxımdan müəyyən janrlara məxsus əsərlərdəki (təmsil, hekayət) surətlər X. səviyyəsinə qalxa bilmir. Məsələn, bir çox təmsillərdə tülkü hiyləgərliyin, ayı axmaqlığın, dovşan qorxaqlığın təcəssümü kimi çıxış edir və heç bir fərdi xüsusiyyəti ilə yadda qalmır. Fərdiliyi, ziddiyyətli daxili aləmi ilə seçilən xarakterlər əsərdəki kolliziyanın yaradılmasında, ideyanın açılmasında böyük rol oynayır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti