Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şəxs şəkilçiləri

Cümlədə mübtəda və xəbərin şəxsə görə uzlaşmasını təmin edən şəkilçilər.

Şəxs sonluğu qəbul etmiş söz cümlədə xəbər rolunda iştirak edir. Adların (isimlərin və substantivləşmiş nitq hissələrinin) şəxsə görə dəyişərək qəbul etdiyi şəxs şəkilçiləri xəbərlik şəkilçiləri də adlanır. Bu şə­kilçilər aşağıdakılardır:

I şəxs: -am2 (-yam2): övlad-am; -ıq, ik, uq, ük: övlad-ıq, şair-ik.

II şəxs: -san2: övlad-san; -sınız4: övlad-sınız.

III şəxs: -dır4: övlad-dır; -dır4+-lar2: övlad-dırlar.

Feilin təsriflənməyən formalarından feili sifət və məsdər də şəxs şəkilçiləri qəbul edir. Feili sifətin xəbərlik şəkilçiləri adlara qoşulan şəxs sonluqları ilə eynidir. Məsdər isə yalnız III şəxs sonluğunu (-dır4) qəbul edir; məs.: Məqsədim ali məktəbə daxil olmaqdır. Feili bağlama isə şəxs sonluğu qəbul etmir. Feilin əmr şəklinə qoşulan şəxs sonluqları feilin digər şəkil­lərindən fərqlənir:

I şəxsin təkində: -ım4 (gəlim, deyim), cəmində: -aq2 (gələk, deyək).

II şəxsin təkində: (-) (sən gəl, de), cəmində: -ın4 (gəlin, deyin);

III şəxsin təkində: -sın4 (gəlsin, desin), cəmində: -sın4+-lar2 (gəlsinlər, desinlər).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti