Reklam
Reklam

Все словари

rekultivasiya

lat. recultivo – bərpa etmək

Texnogen təsir nəticəsində məhsuldarlığı azalmış torpaqların, dağılmış relyefin və təbiətin bitki örtüyünün süni surətdə bərpa edilməsi üzrə tədbirlər kompleksi.

R. torpaq meliorasiyasının xüsusi növüdür. O, əsasən, əkinçiliklə və dağ-mədən sənayesinin inkişafı ilə bağlıdır, yataqların istismarı zamanı zərər dəymiş sahələrin bərpasını da nəzərdə tutur. Landşaftın R.-sı bütövlükdə landşaftın və ya onun komponentlərinin insana faydalı istiqamətdə bərpa edilməsinə yönəldilmiş tədbirlər kompleksidir. Buraya yeni tip mədəni landşaftın yaradılması tədbirləri də daxildir.

Coğrafiya terminləri lüğəti

rekultivasiya üsulları

Torpaqların rekultivasiyası, dağılmış relyefin və təbiətin bərpası məqsədilə həyata keçirilən fəaliyyət formaları və tədbirlər sistemi.

Bura yamacların bərkidilməsi, neftə bulaşmış torpaqların yuyulması və təmizləməsi, münbit torpaq qatının daşınması, karxanaların doldurulması və bu kimi işlər daxildir.

Coğrafiya terminləri lüğəti

relikt göl

Keçmiş dəniz və okeanın yerində əmələ gəlmiş göl.

Belə göllərə Xəzər, Aral, Çad və s. aiddir. Abşeron yarımadasında yerləşən göllərin əksəriyyəti (Masazır, Böyükşor, Qanlıgöl və s.) relikt mənşəlidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

relyef

lat. relevo – qaldırıram

Formasından, mənşəyindən və ölçüsündən asılı olmayaraq Yer səthində bütün nahamarlıqların məcmusu.

Formalarına görə R.-lər müsbət (təpə, dağ və s.) və mənfi (dərə, yarğan və s.), mənşəyinə görə təbii və antropogen (insan fəaliyyəti nəticəsində yaranmış) olur. R.-in yaranmasında insanın rolu getdikcə artır: məsələn, karxanaların yerində dərələr əmələ gəlir, dağ ətəklərində terraslar salınır. Ölçülərinə görə isə Yer qabığının R.-ini beş qrupa bölürlər: planetar, meqa, makro, mezo, mikro. Planetar R. forması materikokean çökəkliyidir. Meqarelyeflərə dağlıq ərazilər və böyük düzənliklər, makrorelyeflərə – dağ silsilələri, dağ vadiləri, böyük göllərin çökəklikləri, mezorelyeflərə – təpələr, dərələr, yarğanlar, mikrorelyeflərə daha kiçikölçülü formalar daxildir. R.-in əmələgəlmə səbəbləri bəllidir: bunlar Yer səthinə təsir göstərən daxili (məs.: tektonik) və xarici (məs.: günəş şüalarının enerjisi, yağışlar və s.) proseslərdir. Amma bəzi suallar elmdə hələ də mübahisə doğurur: niyə Yerin yarımkürələrindən biri, əsasən, okeanlardan (çökəkliklərdən), digəri qurudan (yüksəkliklərdən) ibarətdir? Niyə bəzi okeanın sahili dağ silsilələri, digərinin sahili düzənliklərdən ibarətdir və s. R.-lə bağlı məsələləri geomorfologiya elmi öyrənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti