Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

klassisizm

lat. classicus – nümunəvi, seçmə

XVII–XVIII əsrlər Avropa ədəbiyyatı və incəsənətində estetik istiqamət: yaradıcılıqda ideal estetik norma sayılan antik ədəbiyyatın obraz və formalarına müraciət.

İtalyan ədəbiyyatında meydana gəlib və son olaraq fransız ədəbiyyatında formalaşıb. İlk məşhur nümayəndələrindən biri F.Malerb sayılır. K.-i səciyyələndirən əsas cəhətlər bunlardır: bədii əsərin dəqiq, məntiqi və sxematik quruluşu, obrazların birmənalı şəkildə mənfi və müsbət xarakterlərə bölünməsi, hadisələrin və obrazların təsvirində obyektivliyin vurğulanması. K.-də janrlar ciddi iyerarxiya ilə düzülür. Əsas janr faciə sayılır. Onunla yanaşı, epopeyaoda da yüksək janrlara aid edilir. Komediya, satira, təmsil aşağı səviyyəli janrlar hesab olunur. K.-ə görə, bu janrlardan hər birinin toxunulmaz estetik normaları – kanonları var və yaradıcılıqda onların vəhdəti yolverilməzdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

klauzula

lat. clausula – sonluq

Şeirdə misranın qafiyə yaradan sonluğu.

Rus sillabik-tonik şeirinə xas anlayışdır. Qafiyə yaradan sonluqda vurğunun yerindən asılı olaraq erkək K. (vurğu son hecaya düşür) və dişi K. (vurğu sondan ikinci hecaya düşür) fərqləndirilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

klimaks

Üslubi fiqur: fikri qüvvətli çatdırmaq məqsədilə sözlərin məna və intonasiya baxımından yüksələn ardıcıllıqla sadalanması.

S.S.Axundovun “Eşq və intiqam” faciəsində gənc Çingiz bacısı Qəmərin “Kiminlə vuruşacaqsan?” sualına belə cavab verir: “Yerlə, göylə, cümlə cahan ilə!..

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kobzar

Ukrayna ədəbiyyatında xalq nəğməkarı.

K.-lar Ukrayna xalq musiqi alətləri kobza, yaxud banduranın müşayiəti ilə mahnı ifa edirdilər. K. Azərbaycan ozanlarını və aşıqlarını xatırladır. K.-ların musiqi aləti olan kobza isə qopuz alətinə oxşayır. Mənbələrdə bu sözlərin etimoloji yaxınlığı qeyd olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

koda

ital. coda – quyruq

Bəzi italyan şeir şəkilləri; məs.: kansona və ya sonetin sonunda ayaq tipli bənd sonluğu.

Bəndin əvvəlki misralarına nisbətən qısa ölçülü olur və aşağı düşən intonasiya ilə deyilir. Yunan xor lirikasındakı epoda bənzəyir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kolliziya

lat. collisio – qarşıdurma

Bədii əsərdə əks qüvvələr arasındakı ziddiyyət, münaqişə.

K. terminini estetikaya Hegel gətirib. K. konflikt termininin sinonimi kimi də başa düşülə bilər. Lakin K.-da münaqişə daha qlobal, dərin, əhatəli, zaman baxımından miqyaslı səciyyə daşıyır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

komediya

yun. komodia > komos – Dionisin şərəfinə bayram + ode – mahnı

Dram ədəbi növünə aid janrlardan biri: gülməli, məzəli, yaxud satirik məzmunlu pyes.

K. ictimai həyatda və insan mənəviyyatında təsadüf edilən naqislikləri, eybəcərlikləri açıb göstərir və onları gülüş hədəfinə çevirir. Buradakı gülüşdə həm yumor, həm satira ünsürləri olur. K. janr kimi Qədim Yunanıstanda yaranıb; bu günə gəlib çatmış ilk K.-lar Aristofanın qələminə məxsus olub. Azərbaycan yazılı ədəbiyyatında K. janrının yaradıcısı M.F.Axundzadədir (“Hekayəti-molla İbrahimxəlil kimyagər” – 1850).

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

komediyaçı

Komediya janrında əsərlər yazan dramaturq.

Klassik komediyanın ən gözəl nümunələrini Aristofan, Lope de Veqa, Molyer, Qriboyedov, Qoqol, Bernard Şou və başqa sənətkarlar yaradıblar. M.F.Axundzadənin komediyaları bu janrın klassik nümunələri kimi Azərbaycan dramaturgiyası və teatr sənətinin sonrakı inkişafına mühüm təsir göstərib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

komiks

ing. comic > yun. komikos – şən, gülməli

Süjeti təşkil edən hadisələrin şəkillər vasitəsilə nəql olunduğu əsər.

İlk K.-lər XIX əsrin sonlarında ABŞ mətbuatında meydana gəlib. Onlar sosial məzmunlu, komik xarakterli süjetə malik idi, buna görə də belə əsərlər K. adlandırılırdı. Lakin zaman keçdikcə K.-in mövzusu dəyişdi; burada fantastika, detektiv, superqəhrəmanların macəraları üstünlük təşkil etməyə başladı. K. təhkiyə və vizual təsvirin vəhdətini nəzərdə tutur, ona görə də, adətən, iki müəllif – yazıçı və rəssam tərəfindən yaradılır. K.-də verilən şəkillər əsərin bütün vacib epizodlarını süjetə uyğun ardıcıllıqla əks etdirir. Bəzi K.-lər mövcud əsərlərin süjeti əsasında yaradılır. Məsələn, müasir dövrdə irihəcmli klassik əsərlər azyaşlı oxuculara K. şəklinə salınaraq təqdim olunur. Lakin bir sıra əsərlər elə K. şəklində yaranır və məşhurlaşır; məs.: Sten Linin “Hörümçək adam”, “Dəmir adam” K.-ləri yazıçının rəssam Stiv Ditko ilə əməkdaşlığı nəticəsində yaranıb. Bəzi K.-lər yalnız şəkillərdən ibarət olur, digərlərində isə şəkilləri kiçik mətnlər müşayiət edir. K.-ə “cizgi romanı”, “cizgi hekayəsi” də deyilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kommersiya ədəbiyyatı

ing. commerce – ticarət, alış-veriş

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan yüngül ədəbiyyat.

Bura daha çox macəra ədəbiyyatının bir çox nümunələri daxildir. Bu əsərlərin məqsədi oxucuya mənəvi dəyərlər aşılamaq, onun intellektini zənginləşdirmək deyil, sadəcə, onu əyləndirməkdir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

komparativizm

ing. compare > lat. comparativus – müqayisə

Ədəbiyyatşünaslıqda müqayisəli-tarixi araşdırma metodu.

Elmi ədəbiyyatda bu termin müxtəlif cür izah edilir. Geniş mənada o, müqayisəli ədəbiyyatşünaslıqla eyniləşdirilir. Bu mənada K. müxtəlif xalqların ədəbiyyatı arasındakı qarşılıqlı əlaqə və təsirlərin, fərq və oxşarlıqların araşdırılmasında tətbiq edilən bir yanaşma ­– ədəbiyyatşünaslığın sahəsi kimi təqdim olunur. Dar mənada K. bir çox ədəbiyyatşünasların tənqid etdiyi empirik metoddur. Bu metod müqayisəli ədəbiyyatşünaslığın ilkin mərhələlərində tətbiq olunurdu. Komparativistlər sübut etməyə çalışırdılar ki, ədəbi inkişafın müxtəlif dövrlərində süjetlər, xarakterlər və s. müəyyən qədər dəyişilmiş şəkildə təkrar olunur; yəni bizim dövrümüzdə yaranan hər bir əsərin süjet və obrazlarının qədim zamanlarda yaranmış analoqları ilə genetik bağlılığı var. Onlar öz araşdırmalarında konkret milli-tarixi konteksti və yazıçının fərdi üslubu faktını inkar edirdilər. Mifoloji məktəb qohum milli ədəbiyyatlar arasındakı oxşarlığı xalqların etnogenezi ilə bağlayırdısa, komparativistlər istənilən ədəbi faktın köklərini bütün millətlər üçün vahid olan mifologiyada (çox vaxt hind mifologiyasında) axtarırdılar. Odur ki onların əsərləri müxtəlif millətlərin ədəbiyyatına aid faktlarla zəngindir. Empirik-komparativist təhlil metodunun banisi alman alimi H.Herder sayılır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti