Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

komiks

ing. comic > yun. komikos – şən, gülməli

Süjeti təşkil edən hadisələrin şəkillər vasitəsilə nəql olunduğu əsər.

İlk K.-lər XIX əsrin sonlarında ABŞ mətbuatında meydana gəlib. Onlar sosial məzmunlu, komik xarakterli süjetə malik idi, buna görə də belə əsərlər K. adlandırılırdı. Lakin zaman keçdikcə K.-in mövzusu dəyişdi; burada fantastika, detektiv, superqəhrəmanların macəraları üstünlük təşkil etməyə başladı. K. təhkiyə və vizual təsvirin vəhdətini nəzərdə tutur, ona görə də, adətən, iki müəllif – yazıçı və rəssam tərəfindən yaradılır. K.-də verilən şəkillər əsərin bütün vacib epizodlarını süjetə uyğun ardıcıllıqla əks etdirir. Bəzi K.-lər mövcud əsərlərin süjeti əsasında yaradılır. Məsələn, müasir dövrdə irihəcmli klassik əsərlər azyaşlı oxuculara K. şəklinə salınaraq təqdim olunur. Lakin bir sıra əsərlər elə K. şəklində yaranır və məşhurlaşır; məs.: Sten Linin “Hörümçək adam”, “Dəmir adam” K.-ləri yazıçının rəssam Stiv Ditko ilə əməkdaşlığı nəticəsində yaranıb. Bəzi K.-lər yalnız şəkillərdən ibarət olur, digərlərində isə şəkilləri kiçik mətnlər müşayiət edir. K.-ə “cizgi romanı”, “cizgi hekayəsi” də deyilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti