lat. conflictus – qarşıdurma, mübarizə
Bədii əsərdə süjetin inkişafının, obrazlar arasında qarşıdurmanın əsasını təşkil edən münaqişə, ziddiyyət.
“Konflikt” termini ənənəvi olaraq bədii ədəbiyyatın dram və epik növlərinə aid edilir. Lirikada konflikt lirik qəhrəmanın (müəllifin) daxili aləmi ilə həyat arasındakı ziddiyyətlər, bədii təzad vasitəsilə ifadə edilir. Əsərdə süjetin inkişaf mərhələləri konfliktlə müəyyənləşir: düyün (zavyazka) – konfliktin yaranması, kulminasiya – konfliktin ən kəskin həddə çatması, açılma (razvyazka) – konfliktin həlli. Bununla yanaşı, xarakterin açılması da konfliktin inkişafı prosesində baş verir. Elmi ədəbiyyatda bəzən “konflikt” termini əvəzinə “kolliziya” sözü işlənir. Lakin kolliziya daha mücərrəd məfhumdur. Konflikt konkret xarakterlər, xarakter və onu əhatə edən sosial mühit arasında və ya xarakterin öz daxilində baş verir. Kolliziya dedikdə isə mücərrəd qüvvələr, əbədi dəyərlər arasındakı ziddiyyət başa düşülür.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti