Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

gecə kanalı

lat. canalis – boru

1. Bir qay­da olaraq, günün son verilişi kimi efirə çı­xan, fərqli mövzusu və forması olan televiziya, yaxud radio proqramı.

G.K. xüsusi proqram formatıdır: onun daimi aparıcısı, təqdimat elementləri, fərqli estetikası ­və quruluşu olur, konkret auditoriyaya yö­nəlir, burada müxtəlif mövzulara, əsasən, günün yekununa həsr olunmuş məsələlərə toxunulur.

2. Radioda verilişlər bitdikdən sonra səhərədək davam edən musiqi proq­ramı, yaxud gecələr yayımlanan ayrıca mu­siqili radio kanalı.  

Jurnalistika terminləri lüğəti

genişzolaqlı rabitə

Vahid zaman kəsi­yində modemdən istifadə ilə müqayisədə daha böyük həcmdə informasiya ötür­mə­yə imkan verən yüksəktezlikli, çoxtutumlu rabitə xətti.

Dünyanın müxtəlif yerlə­rin­də G.R.-nin fərqli standartları var və bu standartlar sürətlə dəyişir; məsələn, 2012-ci ilin sonlarında ABŞ-da G.R.-nin sürəti 7,2 Mbit/san (dünya üzrə orta göstərici – 2,8 Mbit/san) təşkil edirdi. 2015-ci ildə isə ABŞ Federal Rabitə Komissiyası G.R. anla­yışına yeni izah verdi: «Amerikada yalnız yük­lənmə sürəti saniyədə azı 25 meqabit, göndərmə sürəti saniyədə 3 meqabit təşkil edən rabitə xətti genişzolaqlı hesab edilə bilər».

Jurnalistika terminləri lüğəti

gənclər üçün nəşrlər

Gənclərdən ibarət auditoriya üçün nəzərdə tutulmuş ixtisas­laşmış qəzetlər, jurnallar və digər çap kütləvi informasiya vasitələri.

G.Ü.N.-də, əsa­sən, 15–30 yaşlı insanların daxil olduğu əhali qrupunu maraqlandıran mövzulara, əyləncəli materiallara üstünlük verilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

gənclik proqramları

Gənclərdən ibarət konkret hədəf auditoriyası, efirdə daimi yeri olan xüsusi radio və televiziya verilişləri.

G.P. gənclərin dünyagörüşünün ar­tırılmasına, estetik zövqünün inkişafına xidmət edir, onları düşündürən müxtəlif problemlərə (təhsil, iş və s.) həsr olunur.  

Jurnalistika terminləri lüğəti

giriş sözü

Məqalənin, proqramın, çıxışın, kitabın və s.-nin əvvəlində auditoriyamöv­zu­ya hazırlamağa xidmət edən yö­nəl­dici his­sə.

G.S.-ndə müəllifin, əsərin mə­ramı izah edilir, materialın yaxşı və düzgün qavra­nıl­ması üçün lazım olan əlavə informasiya verilir. 

Jurnalistika terminləri lüğəti

gizli audioyazı

lat. audio – eşidirəm

1. Şəxsin qabaqcadan xəbəri və razılığı olmadan onun səsinin yazılması.

2. Bu üsulla əldə edilmiş səsin qeydə alındığı lent, digər maddi daşıyıcı.

Adətən, hər hansı zəruri məlumatı şəxsin xəbəri və razılığı ilə əldə edə bilmədikdə və ya əlavə sübut toplamaq ehtiyacı yarandıqda G.A. həyata keçi­rilir. Lakin G.A.-dan istifadə etməyə və ya onu yaymağa yalnız iki halda yol verilir: şəx­sin özündən bu barədə yazılı razılıq alın­mışsa, habelə kənar şəxslərin hüquq və azad­lıqlarının qorunması üçün zəruri təd­birlər görülmüşsə; G.A. məhkəmənin qə­rarı ilə nümayiş etdirilirsə.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

gizli çəkiliş

1. Şəxsin qabaqcadan xəbəri və razılığı olmadan onun videofotoçəkilişinin aparılması.

2. Bu üsulla əldə edil­miş təsvirin qeydə alındığı lent, digər maddi daşıyıcı.

G.Ç.-dən jurnalistikada ilk dəfə 1920-ci ildə New York Daily News qəzetinin fotoqrafı istifadə edib: o, ayağına bər­kidilmiş kamera ilə edam mə­rasiminin şəkillərini çəkib. Həmin fotoların dərci sensasiyaya səbəb olub. Bunun ardınca oxucu diqqətini cəlb etmək və tiraj toplamaq üçün digər media qurumları da G.Ç.-dən istifadə etməyə başlayıb. Jurnalistlər G.Ç.-i hər hansı zəruri məlumatı ­şəx­sin xəbəri və razılığı ilə əldə edə bilmə­dikdə və  əlavə sü­but toplamaq eh­tiyacı yarandıqda həyata keçirirlər. Burada söhbət sənəd­ləş­di­ril­məsi, yaxud birbaşa əldə edilməsi müm­kün olmayan, yüksək ictimai maraq kəsb edən və cəmiyyətə ciddi zərər vura bilən cinayət hadisələri, qanunsuzluqlar haq­qında informasiyadan gedir. Lakin G.Ç.-dən istifadə etməyə və ya onu yaymağa yalnız iki halda yol verilir: şəxsin özündən bu ba­rədə yazılı razılıq alınmışsa, habelə kənar şəxslərin hüquq və azad­lıq­larının qorun­ması üçün zəruri tədbirlər görül­müşsə; G.Ç. məhkəmənin qərarı ilə nü­ma­yiş et­dirilirsə.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

gizli kamera

lat. camera – otaq

1. Şəxsin, hadisənin təsvirlərini çəkmək üçün hə­min şəxsin və ya hadisə iştirakçılarının xəbəri ­olmadan istifadə edilən kamera.

Kamera çə­ki­liş obyektinin görmədiyi yer­də qoyul­duğu, yaxud başqa əşyaların içəri­sində, üzə­rində quraşdırıldığı üçün «gizli» adlanır. Yüksəkkeyfiyyətli ultraminiatür G.K. hətta ən adi məişət əşyalarında – qə­ləmdə, ey­nəkdə, saatda quraşdırıla bilər. 

2. Sənədli filmlərin, verilişlərin, süjet və­­ fotoşəkillərin təsviri alınan şəxslərin ­­və ya hadisə iştirakçılarının özlərindən xə­bərsiz çəkiliş üsulu.

G.K. üsulu jurnalist təhqiqatların­da ictimai əhəmiyyətli ­in­­for­masiya əldə etməyin başqa yolu qal­­madıqda, ya­xud tə­biiliyə nail olmaq məq­sədilə çəkiliş ob­yektinə hiss et­dirilmədən tətbiq olunur. Televiziyada realiti-şou proqramlarında da iştirakçıları qeyri-adi vəziy­yətlərdə yaxalamaq üçün G.K. üsulundan spesifik formada istifadə olunur: işti­rak­çılar həyatlarının bir çox mə­qam­la­rının lentə alındığını bilirlər, amma bu­nun nə zaman, hansı şəraitdə baş ver­diyindən xəbər tutmurlar.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti