lat. contra – əleyhinə + reformatio – dəyişiklik, islahetmə
XVI–XVII əsrlərdə Roma papasının başçılığı altında Reformasiyaya qarşı yönəlmiş mürtəce dini-siyasi hərəkat; katolik irticası.
K.-nın əsas məqsədi katolisizmin XVI əsrin I yarısında itirdiyi mövqelərin bərpası, onun başlıca silahı isə inkvizisiya, rahib ordenləri və Roma kuriası olub. K.-nın dayağı və maddi bazası rolunu katolisizmin ən güclü mövqelərə malik olduğu ölkələr, ilk növbədə, İspaniya oynayıb. Bu dini-siyasi hərəkat papalığın və katolik kilsəsinin mövqelərinin müəyyən dərəcədə möhkəmlənməsi ilə nəticələnib. Belə ki, İspaniya və İtaliyada Reformasiyanın nailiyyətləri ləğv olunub, Polşa, Cənubi Almaniya və Avstriyada katolisizmin mövqeləri bərpa edilib, uzunsürən dini müharibələrdən sonra Fransada protestantlıq məğlubiyyətə uğradılıb. Lakin K.-nın protestantlığı tamamilə aradan qaldırmağa gücü çatmayıb.
Tarix terminləri lüğəti