lat. inquīsītiō – təhqiqat, axtarış
XIII–XIX əsrlərdə katolik kilsəsində bidətçilərin işləri üzrə xüsusi kilsə məhkəməsi.
İ. azadfikirliliyin hər cür təzahürünə və kilsə daxilində müxalif düşüncəyə qarşı mübarizə vasitəsi olub. 1231-ci ildə papa IX Qriqori bidətçilərin izlənilməsini xüsusi müvəkkillərə – inkvizitorlara tapşırıb. Bundan sonra Avropanın bir sıra ölkəsində İ. tribunalları təsis edilib. Təhqiqat işləri, hökmün çıxarılması və yerinə yetirilməsi bütünlüklə onlara tapşırılıb. Toxunulmazlıq statusuna malik İ. tribunallarının üzvləri yerli dünyəvi və dini hakimiyyətə deyil, birbaşa papanın özünə tabe olublar. XV–XVII əsrlərdə Avropada on minlərlə insan İ.-nın qurbanı olub, tonqallarda yandırılıb. Belə kilsə məhkəmələri XVIII əsrdə Avropanın əksər ölkələrində, XIX əsrdə isə Portuqaliya (1820), İspaniya (1834) və Papa vilayətində (1859) ləğv edilib.
Tarix terminləri lüğəti