lat. curia < co, cum – birgə + vir – ər
1. Qədim Romada bir neçə patrisi nəslinin birliyi.
Öncə qəbilə təşkilatının bir elementi olan K., ehtimal ki, nəsillərin kişi nümayəndələrinin ittifaqları şəklində yaranıb. Dövlətin formalaşması ilə o, Roma cəmiyyətinin mühüm hərbi-siyasi özəyinə çevrilib. K.-nın başında seçkili kurion durub. Ən qədim çarlıq dövründə K.-nın komitsiyalarında (yığıncaqlarında) çarlar, Respublika dövrünün əvvəlində magistratlar seçilib. Həmin komitsiyalardakı səsverməyə plebeylər də buraxılıb. İmperiya dövründə isə şəhər şuraları K. adlanıb.
2. Orta əsrlərdə Qərbi Avropada senyorun vassalları ilə birgə formalaşdırdığı şura (feodal K.-sı).
Kralın bilavasitə vassallarından ibarət şura kral K.-sı (lat. Curia Regis) adlanıb və məşvərətçi orqan olub. Lakin mərkəzi hakimiyyətin güclənməsi ilə K. kralın ən yaxın adamlarından ibarət qapalı şuraya çevrilib.
3. Roma papasına tabe olan qurumların məcmusu (Roma K.-sı).
4. Bir sıra Avropa ölkələrində, habelə çar Rusiyasında əmlakın həcminə, milli mənsubiyyətə və digər əlamətlərə görə seçicilərin bölündüyü xüsusi dərəcələr.
Tarix terminləri lüğəti