lat. reformatio – dəyişiklik, düzəliş
XVI əsrdə katolik təliminə və kilsəsinə qarşı dini mübarizə forması almış antifeodal xarakterli ictimai-siyasi və ideoloji hərəkat.
Sosial mahiyyəti və tərkibinə görə çox mürəkkəb bir hərəkat olan R. Qərbi və Mərkəzi Avropa ölkələrinin əksəriyyətini əhatə edib. O, katolik kilsəsində köklü islahatlar həyata keçirmək uğrunda mübarizə aparıb. R.-nın əsas ideoloqları – M.Lüter, J.Kalvin və U.Svinqli – kilsənin dindarlarla Allah arasında vasitəçiliyini rədd ediblər, hər kəsin öz daxili inamına əsaslanaraq Allahla “əlaqə” yaratmağa qadir olduğunu deyiblər. Bununla da onlar katolik kilsəsinin və papa başda olmaqla xüsusi ruhanilər təbəqəsinin mövcudluğuna heç bir zərurət görməyiblər. R. hərəkatı həmçinin kilsə mülkiyyətinin, ilk növbədə, kilsəyə məxsus geniş torpaq sahələrinin müsadirəsinə çalışıb. Bu hərəkat xristianlıqda protestantlıq cərəyanının meydana çıxması və katolik kilsəsinin mövqelərinin xeyli zəifləməsi ilə nəticələnib.
Tarix terminləri lüğəti