lat. protestans – razı olmayan, etiraz edən
Pravoslavlıq və katolisizmlə birlikdə xristianlığın üç əsas cərəyanından biri.
Bu cərəyan XVI əsrdə Reformasiya hərəkatı nəticəsində katolisizmdən ayrılaraq formalaşıb. P.-ın əsasları XVI əsrdə M.Lüter, J.Kalvin, U.Svinqli və digər teoloqlar tərəfindən işlənib hazırlanıb. P.-ı katolisizmdən fərqləndirən əsas cəhət insanın Allahla birbaşa “əlaqə”sinin mümkünlüyü barədə təlim hesab olunur. P. kilsənin dindarla Allah arasında vasitəçilik hüququnu rədd edir, hər bir şəxsin öz daxili inamı vasitəsilə Allahla “əlaqə” yarada biləcəyini söyləyir. Bundan başqa, o, xristianlıq kultunu xeyli sadələşdirir, bahalı kilsə ayinlərini, müqəddəslərə, ikonalara və s.-yə pərəstişi qəbul etmir. P. özü də ayrı-ayrı qollara ayrılır. Bu dini cərəyan daxilində bir neçə müstəqil kilsə və sekta fəaliyyət göstərir. Onlar kult və təşkilati baxımdan bir-birindən fərqlənir, lakin mənşə və ehkamların ümumiliyini qoruyub saxlayır. P.-ın hələ XVI əsrdə yaranmış ilk formaları lüteranlıq, kalvinizm, anqlikanlıq, anabaptizm, svinqlianlıq və mennoçuluq olub. XVII əsrdə isə baptizm və kvakerlik meydana gəlib. P. Avropada ilk burjua inqilablarının ideoloji əsasını təşkil edib. Ardıcıllarının sayına görə xristian cərəyanları arasında katolisizmdən sonra ikinci yeri tutan P. Skandinaviya ölkələri, Almaniya, İsveçrə, Böyük Britaniya, Niderland, Kanada, Avstraliya, Yeni Zelandiya və s. ölkələrdə geniş yayılıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti