Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞABABA azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Baba adının birləşməsindən yaranmış şəxs adıdır.

Ağababa (bax: ad – AĞA; BABA) kişi adı elin, ailənin ağsaqqalı; hörmətli, yaşlı adam mənasındadır. Bəzən ailələrdə dünyasını dəyişmiş babanın adı nəvəyə, nəticəyə qoyulmuş, lakin uşağı rəsmi adı ilə deyil, hörmət əlaməti olaraq Ağababa deyə çağırmışlar. Sonradan Ağababa da müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞACAN azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və fars. can sözlərinin birləşməsindən yaranmış şəxs adıdır.

Ağacan erkən dövrlərdə ataya və ya böyüklərə hörmət və ehtiramla müraciət edilən ad olsa da, sonradan şəxs adı kimi formalaşmışdır. Ağacan (bax: ad – AĞA; CAN) kişi adı böyük ürək yiyəsi, hörmət və izzət sahibi olan insan, həmçinin əziz, sevimli, yaxın insan anlamlarını ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağacan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞADADAŞ azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Dadaç adının birləşməsindən yaranmış şəxs adıdır.

Ağadadaş (bax: ad – AĞA; DADAŞ) kişi adı Azərbaycanın bəzi bölgələrində qədim zamanlardan bu günə qədər kiçik qardaşların böyük qardaşlara, həmçinin kiçik gəlinin böyük qayına hörmət mənasında müraciət etdiyi adlardandır. Sonradan şəxs adı kimi formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞADAYI azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və dayı sözünün birləşməsindən yaranmış şəxs adıdır.

Ağadayı (bax: ad – AĞA; DAYI) kişi adı Azərbaycan antroponimikasında müraciət bildirən sözlərdən yaranmış şəxs adlarındandır. Azərbaycanın bəzi bölgələrində qədim zamanlardan bu günə qədər ailədə böyük dayıya hörmət mənasında Ağadayı deyə müraciət edilir. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AĞAƏDDİN azərb-ərəb.

Ağaaddin sözündəndir. Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağaəddin (bax: ad – AĞA; ƏD-DİN) kişi adı dinin rəhbəri, din basçısı mənasındadır.

Dilimizin qrammatik qanunlarına uyğun yanaşı gələn iki saitdən birinin düşməsi (a düşümü) nəticəsində Ağəddin şəklindədir, yəni adın təhrif olunmuş forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad Ağəddin formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti