ağa bəy, zadəgan, sahib, həmçinin ilkin, ulu, hakim, böyük qardaş və s. mənalı arxaik tituldur.
Apelyativi arxaikləşən şəxs adlarındandır. XX əsrin əvvəllərinə qədər hakim təbəqənin nümayəndələrinə, iş yerlərində başçılara, eləcə də seyidlərə ağa deyə müraciət edilmişdir. Prof. A.Axundov ağa sözünün qalxmaq, böyümək mənalı “ağ” feilinin üzərinə türk dillərinin ən qədim şəkilçilərindən olana şəkilçisinin artırılması ilə düzəlmiş feili isim (məsdər) olduğunu əsaslandırmışdır. Ağa sözü böyük qardaş, ata (Naxçıvan bölgəsində) mənasında bu gün də işlənməkdədir. Hörmətli, sayğılı, böyük anlamlarında bu gün də işlənməkdədir. Ailə, tayfa başçısı, ağsaqqallara, nüfuz sahibi, sözü keçən adamlara, eləcə də din xadimlərinə müraciət forması kimi də işlənmişdir. Azərbaycan antroponimikasında türk mənşəli titullardan yaranmış şəxs adları sırasındadır. Bəzi türk xalqlarında “aka”, “əkə” formasında da işlənir. XIX əsrin 80-ci illərindən XX əsrin 70-ci illərinə qədər Azərbaycanın hər yerində, xüsusən şəhərlərdə yeni doğulan uşaqlara Ağa adı çox verilirdi. Lakin sonrakı dövrdə müşahidəediləcək dərəcədə azalmağa başladı. Bu gün Azərbaycan məişətində tərkibində Ağa adının iştirak etdiyi mürəkkəb kişi adlarına daha çox rast gəlinir. Qeyd etmək lazımdır ki, bu ad bəzi adların əvvəlinə, bəzi adların isə sonuna qoşularaq mürəkkəb adlar yarada bilir. Məsələn, Ağarəfi, Ağarza, Əliağa, Məmmədağa, Ağabəyim, Ağabacı və s. Bir məsələni də qeyd etmək lazımdır ki, Ağa adı heç də sırf sosial xarakter daşımamışdır, lakin Səməd adına nisbətən Ağasəməd, yaxud Səmədağa adında bir ehtiram, hörmət hissi özünü büruzə verir. Bu, bəlkə də adın ilkin mənasının ulu sözü ilə əlaqələndirilməsindən irəli gəlir. “Kitabi–Dədə Qorqud” dastanlarında böyük qardaş çox vaxt ağa deyə çağırılmışdır. Məsələn, Əgrəkdən söz düşəndə Səgrək onu hörmət əlaməti olaraq “Ağam” adlandırır, müvafiq olaraq valideynləri də “qardaşın Əgrək” deyə yox, “sənin ağan” deyirlər. Qacarların hakimiyyəti dövründə İranda sərkərdələrin, yüksək vəzifəli məmurların adlarının sonuna “ağa” sözü artırılırdı. Hazırda Azərbaycanın bəzi bölgələrində yaşca böyükləri “Ağa” deyə çağırırlar. Müasir Azərbaycan antroponimik vahidlər sistemində müstəqil ad kimi, həmçinin türk mənşəli saf antroponimlərin (Ağa, Ağababa, Ağabəy, Ağaqardaş, Ağadadaş, Ağalar, Ağası, Ağaxan, Xanağa, Balağa və s.), həm də hibrid antroponimlərin (Ağabəşir, Ağaqurban, Ağazadə, Ağazal, Ağali, Ağazəki, Ağagül, Ağamusa, Ağarza, Əzizağa, Əlağa və s.) tərkibində işlənməkdədir. Ağa adı qadın adlarına da qoşularaq yeni ad yarada bilir. Məsələn, Ağanənə, Ağabibi, Ağabacı və s.
Azərbaycan şəxs adlarının izahlı lüğəti