Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏY türk mənş.

bay (bəzi türk dillərində bay, bak) sözündəndir. Qədim türk dillərində əhalinin zadəgan təbəqəsinə mənsub olan, zəngin, vəzifəli, irəli gedən və s. mənalarda işlənmişdir. Bəy həm də bu zümrəyə mənsub olanlara verilən titullardandır.

Kəndin bəyi olarmış, bölgənin bəyi olarmış və s. Erkən dövrlərdən bəy sözündən türk dünyasında həm də müraciət forması kimi istifadə edilmişdir. Müasir dövrdə də türk dünyasında bu ənənə yaşayır. Məlum olduğu kimi, Azərbaycanda bir sıra titullar kimi, “bəy” də uzun müddət işlənmişdir. Qədim türk mənşəli titullardan sayılan “bəy” əsasən hökmdar, başçı, rəhbər, idarə edən anlamlarını ifadə etmişdir. Müasir Azərbaycan dilində bəy əsasən aşağıdakı məqamlarda işlədilir: 1. Bir yerin başçısı, əmiri anlamında; 2. İdarə edən, rəhbərlik edən, hökmran anlamında; 3. Ümumiyyətlə ziyalı, vəzifə sahibi hesab edilən şəxslərə ehtiram əlaməti olaraq müraciət forması kimi; 4. Evlənən, toy edən oğlana toy günü və yaxın bir neçə gündə “bəy” deyirlər. Hətta bəydadaş, təzə bəy kimi sinonimləri də mövcuddur. Bu gün Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi mövcud olmasa da, bir çox mürəkkəb kişi adlarının əvvəlində də, sonunda da işlənməkdədir. Bəy sözü adın əvvəlində işlənərkən “hündür, böyük”, “başda olan ”, sonunda işlənərkən “ağa”, “varlı adam” mənasını ifadə edir. Onu da qeyd etmək lazımdır ki, Bəy həm türk mənşəli (Bəylər, Bəyxan, Balabəy, Anarbəy və s.), həm də hibrid (Əlibəy, Əzizbəy və s.) şəxs adlarının tərkibində işlənməkdədir. XVIII əsrə qədər vəzifəli şəxslərə, torpaq sahiblərinə və s. “bəy” deyə müraciət etmişlər. Məsələn, Rüstəm bəy, Həsən bəy və s. Sonradan savadlı, savadı ilə cəmiyyətdə müəyyən mövqe tutan, hörmət qazanan şəxslərə də “bəy” deyilmişdir. Məsələn, Qasım bəy Zakir, Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli və s. XIX əsrin II yarısında işlənən bəy titulu məhz hakim təbəqələrə verilmiş titul idi. Azərbaycanda vaxtilə mövcud bəy titulu irsən keçirdi, yaxud da hökumət tərəfindən verilirdi. Bunun üçün rəsmi olaraq bəylik şəhadəti alınırdı. Bəy titulunun verilməsi barədə məlumatlara görkəmli realist yazıçılarımızdan olan M.F.Axundzadənin, C.Məmmədquluzadənin əsərlərində də rast gəlinir. Hətta “bəy” sözünə müvafiq olaraq bəyin arvadı, bəyin xanımı, yaxud mənim bəyim, böyüyüm anlamlarını ifadə edən və sonradan qadın şəxs adına çevrilən “bəyim” (bax:ad – BƏYİM) sözü də işlədilirdi. XX əsrin 20ci illərindən bolşeviklərin məlum siyasətinin (hamı bərabərdir, hamı vətəndaşdır, proletar diktaturasında, hökumətində nə bəy, nə xan) nəticələrindən biri də dilimizdə bəy sözünün ümumiyyətlə işlənməməsi oldu. Azərbaycanda XX əsrin iyirminci illərindən mövcud quruluşun ağa və bəylərə qarşı bu cür mənfi münasibətinin nəticəsi olaraq müraciət forması kimi işlənən bəy sözü “mirzə”, “müəllim” sözləri ilə əvəz olunmuşdu. Hətta həmin dövrdə bəy nəslindən olanlar, bir növ, qaniçən, xalq düşməninin ailəsi kimi də repressiyalara məruz qalırdı. Lakin bəy sözü istər şəxs adlarında, istərsə də soyadlarda qalmaqda davam edirdi və bu gün də işlənir. Məsələn, Bəylər, Atabəy, Bəyverdi, Əmirbəyli, Ağabəyli, Əlibəyzadə və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti