Məlum olduğu kimi, türk antroponimik vahidlər sistemində ərəb dilindən alınma şəxs adları arasında -ad-din (din mənasında) sonluğu ilə bitən kifayət qədər kişi adı mövcuddur. Bu qəbildən olan şəxs adları İslam dini ilə əlaqədar, bir növ, mədhiyyə, tərif məzmunludur.
Məsələn, Afiyəddin (dinin gücü, qüvvəti), Nurəddin (dinin nuru), Ziyəddin (dinin ziyası), Səlahəddin (dinin asayişi) və s. Əslində İslam dinində belə adların qoyulması qəti qadağan olunmasa da, məkruh (arzuolunmaz) hesab edilir. İslam dininə görə, dünyaya gələn oğlanlara bu cür adların verilməsi ona görə arzuolunmazdır ki, gələcəkdə adın daşıyıcılarının bu ada layiq olub-olmayacağı sual altında olur. Başqa sözlə, onlar adın ifadə etdiyi mənaya layiq olmaya da bilərlər. Məsələn, Nəsrəddin (dinin tərəfdarı, etiqadın qələbəsi mənasındadır) adı qoyulmuş uşaq gələcəkdə hətta dinin əleyhinə təbliğata rəhbərlik edə bilər. Məhz bu səbəbdən İslam dinində ...əd-din sonluğu ilə bitən adlar qoymaqdan çəkinmək məsləhət görülmüşdür. Lakin Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da bu qəbildən olan adlar kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti