baba sözü müasir Azərbaycan dilində atanın və yaxud da ananın atası valideyni, başqa sözlə desək, nəvəsi olan kişi anlamını ifadə edir.
Türklərdə ta qədimdən baba sözü ata mənasındadır. Bir çox araşdırmalarda Xürrəmi hərəkatının başçılarından olan Babəkin də adı baba sözü ilə əlaqələndirilir. Araşdırıcıların qənaətlərinə görə, sözün əsasında duran “baba” sözü, demək olar ki, əksər qədim dillərdə “ata”, Babək sözü isə atacan, başçı mənasını ifadə edir. Türkiyə türklərində olduğu kimi, bir çox türk xalqlarının dillərində mövcud baba sözü dilimizdəki ata anlamındadır. Məlum olduğu kimi, məişətimizdə babanın adı yeni doğulan uşağa – nəvəyə rəsmi ad olaraq verilir. Babanın adının nəvəyə verilməsi bizdə artıq kök salmış adətənənələrdəndir. Lakin bu, mütləq deyil, yəni uşaqlara babasının adı yox, tamam başqa ad da verilə bilər. Baba adı verilən uşağı çox zaman babanın sağlığında babanın əsl adı ilə deyil, Baba, Bala baba və buna yaxın adlarla çağırırlar. Məktəbə gedəndə məlum olur ki, oğlanın adı Baba yox, məsələn, Həsən imiş. Amma artıq hamı uşağı Baba deyə çağırır. Bəzən də hamı baba adı verilən övladı ailədə uşaqların, gənclərin dili ilə, yəni əgər babanın adı Alıdırsa Alı baba, Hacıdırsa Hacı baba deyə çağırırlar. Beləliklə, ad sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında Baba adı ilə yanaşı, tərkibində Baba adının iştirak etdiyi kifayət qədər mürəkkəb kişi adı mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti