Eyni əşyadan iki və daha çox olduğunu bildirən isim.
İsim cəmdə olarkən -lar2 şəkilçisi qəbul edir: şəhər – şəhərlər, maşın – maşınlar və s. Cəmlənmək daha çox ümumi isimlərə aiddir. Lakin xüsusi isimlər, xüsusilə şəxs adları da cəm şəkilçisi qəbul edə bilər: Nizamilər, Abbasilər və s. Cəm şəkilçisi qəbul etməsinə baxmayaraq, bu cür adlar da böyük hərflə yazılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTərkibində cığa olan müxəmməs şeir forması.
Cığa daxil olduğu müxəmməsin qafiyə sistemindən fərqlənir və bütün misralar öz aralarında qafiyələnir. Aşıq Şəmşirin «Məni sən» adlı cığalı müxəmməsinin tərkibində belə bir cığa bəndi yer alıb:
Cisimdə bir can kimi,
Ağılda ümman kimi,
Tutiyi-imran kimi,
Hüsnü də qılman kimi,
Çöllərdə ceyran kimi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər bəndinin ikinci və üçüncü misraları arasına cinas qafiyəli bayatının əlavə edildiyi təcnis.
Həmin bayatı cığa bayatı adlanır. Aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Aşıq Abbas Tufarqanlının qoşduğu “Göz ala” şeiri ədəbiyyatımızda ilk cığalı təcnis nümunəsi sayılır:
Bağbansan, bağa bax, bax, işini gör,
Bağ bəslə, bağ becər, bağ işini gör.
Aşıq, bağ işini gör,
Bağa bax, işini gör.
Nə yatdın, qafil ovçu,
Maralın baxışını gör.
Hələ sən tərlanın baxışını gör,
İstəyir canımı gözəl bir qız ala.
Göründüyü kimi, cığa bəndləri ilə əsas bəndlər arasında həm məzmun, həm də forma baxımından əlaqə olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞeirin omonim, omoform, omoqraf sözlərdən ibarət qafiyəsi.
Aşıq ədəbiyyatının əsas şeir şəkillərindən biri olan təcnisdə bütün qafiyələr cinas sözlərdən ibarət olur. Bayatılarda da qafiyələnən sözlər əksər hallarda cinas olur. Cinas qafiyələr şeirin səslənməsinə melodiya qatır, şeirdə ahəngdarlığı artırır; məsələn:
Deyər Aşıq Alı yara bağlıya,
Yaxşı təbib gərək yara bağlıya,
Bir yar meylin qeyri yara bağlıya,
Həftə tamam olsa, aya qalmasın. (Aşıq Alı)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBitmiş fikir ifadə edən söz və ya sözlər.
Təsadüfi söz yığını cümlə əmələ gətirə bilməz. Cümləni təşkil edən və cümlə üzvü rolunda çıxış edən söz və söz birləşmələri bir-biri ilə məna və qrammatik cəhətdən əlaqəli olur. Cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur. Cümlə yalnız bir sözdən də ibarət ola bilər; məs.: Yağır. Gəldilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCümlədə sintaktik vəzifə daşıyan, digər sözlərlə məna və qrammatik cəhətdən əlaqələnən, müstəqil məna ifadə edən söz və söz birləşmələri.
Cümlədəki üzvlərin heç də hamısı digər sözlərlə əlaqələnmir. Cümlə üzvü olmağın əsas şərti tərkibində olduğu cümlənin üzvlərindən ən azı biri ilə sintaktik əlaqəyə girməkdir. Əgər belə əlaqələnmə yoxdursa, demək, həmin söz cümlə üzvü deyil. Cümlə üzvləri iki yerə bölünür: 1) baş üzvlər (mübtəda, xəbər); 2) ikincidərəcəli üzvlər (təyin, tamamlıq, zərflik). Quruluşuna görə cümlə üzvləri sadə və mürəkkəb olur. Sadə cümlə üzvləri nitq hissələri ilə, mürəkkəb cümlə üzvləri isə söz birləşməsi ilə ifadə olunur.
Həmçinin bax:
Özündən əvvəl gələn üzvün mənasını aydınlaşdıran, konkretləşdirən söz və ya söz birləşməsi.
Əlavələr aid olduqları üzvdən sonra gəlir, həmin üzvün sintaktik funksiyasını daşıyır və ondan fasilə, intonasiya ilə ayrılır. Yazıda əlavələr aid olduğu üzvdən, əsasən, tire (–) ilə ayrılır: Bu kiçik şəhər – karvansara onların məhbəsi idi (F.Kərimzadə). Bəzən əlavələrdən əvvəl vergül də qoyulur: Dünən, fevralın 2-də Gənclər gününü qeyd etdik. Cümlə üzvü ilə onun əlavəsi arasında “yəni” bağlayıcısı da işlədilə bilər. Bu zaman ondan əvvəl vergül qoyulur: Aşağıda, yəni çayın kənarında xeyli adam var idi. Bütün cümlə üzvlərinin, eləcə də cümlədən xitabların əlavəsi ola bilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSintaktik, üslubi və mənaca əhəmiyyətinə görə cümlə üzvlərinin bir-biri ilə əlaqəli şəkildə növbələşməsi.
Qrammatik normanın tələbinə görə, cümlədə mübtəda əvvəl, xəbər sonda gəlir. Tamamlıq və zərflik xəbərdən əvvəl gəlir. Təyin isə aid olduğu üzvün əvvəlində işlənir. Cümlədə söz sırasının dəyişməsi nəticəsində cümlə üzvlərinin sintaktik funksiyası, eləcə də cümlənin ifadə etdiyi fikir də dəyişə bilər; məs.: Qulu dostu üçün hədiyyə aldı – Dostu Qulu üçün hədiyyə aldı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCümlənin baş üzvlərini izah edən, onların ehtiva etdiyi məlumatları genişləndirən cümlə üzvləri: tamamlıq, təyin, zərflik.
Cümlənin ikincidərəcəli üzvlərindən tamamlıq və zərflik xəbərə aid olur, təyin isə bütün cümlə üzvləri ilə əlaqələnə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti