Cümlə üzvü funksiyası daşımayan, danışanın ifadə etdiyi fikrə münasibətini bildirən söz və ya söz birləşmələri.
Xitab kimi ara sözlər də qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz və birləşmələr sırasına daxildir. Cümlədə ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Cümlənin əvvəlində, ortasında və ya sonunda işlənir; şifahi nitqdə nisbətən sürətlə, lakin aşağı tonda və zəif vurğu ilə tələffüz edilir, yazıda isə cümlə üzvlərindən vergüllə ayrılır; məs.: Doğrusu, sən belə danışanda mən özümü pis hiss edirəm (İ.Əfəndiyev). Ara sözlər formaca söz, söz birləşməsi və ya cümlə şəklində olur:
– söz şəklində: Məncə, sən bunu bilirsən.
– söz birləşməsi şəklində: Mənim fikrimcə, siz bu məsələdən agahsınız.
– cümlə şəklində: Necə deyərlər, həm ziyarət, həm də ticarət.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti