Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

amplifikasiya

lat. amplificatio – genişlənmə

1. Bədii ifadəni gücləndirmək məqsədilə sinonimlərin, antonimlərin, məcazların və ya üslubi fiqurların yanaşı işlədilməsi.

Əsasən, ritorikada işlədilən bu vasitədən bədii ədəbiyyatda, xüsusilə poeziyada da geniş istifadə olunur. Məsələn, aşağıdakı parçada təkririn müxtəlif növləri (epifora, epimona, qomeotelevton) yanaşı işlədilib:

Pusqular var, pusduran var, pusan var,

Qan axıdan, qusduran var, qusan var.

Qorxusundan ömrü boyu susan var,

Kimdi səni bu qapıdan buraxan? (Z.Yaqub)

Bəzi üslubi fiqurlar var ki, A. şəklindədir. Məsələn, epistrofanın genişləndirilmiş forması olan simplokanı A. hesab etmək olar. Nümunə: saqqallı baban yanına vardın, can vermədi, birçəkli anan yanına vardın, can vermədi (“Kitabi-Dədə Qorqud” dastanı).

2. Tərcümə zamanı dəqiq ekvivalenti olmayan söz və ya ifadənin təsvirlə verilməsi və bunun nəticəsində tərcümə mətninin böyüməsi.

Nümunə: rus dilindəki “перехоронить” feili Azərbaycan dilinə tərcümə olunarkən “Bir qəbirdən çıxarıb başqa yerdə basdırmaq” şəklində verilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

anadiplosis

yun. anadiplosis – ikiləşmə

Üslubi fiqur: cümlə, şeir misrası və ya bəndinin sonundakı sözün (sözlərin) növbəti cümlə, misra və ya bəndin əvvəlində təkrar olunması.

Adətən, ikinci dəfə işlədilən leksik vahid məntiqi vurğu tələb edir və daha yüksək emosional təsirə malik olur; məs.: “Qapıdan dolan sərin meh üzümə toxunub saçlarımı tərpətdikcə mən öz gözəlliyimi daha dərindən hiss edirdim. Hiss edirdim ki, mən özüm bu sükut edən kainatın, bu qaranlıq gecənin sevinci, səadətiyəm”. (İ.Əfəndiyev. “Körpüsalanlar”)

Başqa bir nümunə:

Heç bundan da ağır günah olarmı, de,

Çəkişmələr səngiməyir o zamandan.

O zamandan bəşər olub doğma, ögey,

Bir-birinin ətin yeyir o zamandan... (Cabir Novruz)

Elmi ədəbiyyatda bu fiqur başqa terminlərlə də adlanır: epanafora (epifor və anafor elementlərinin birləşməsi), epanstrofa (bəndin sonu və əvvəli), calaqlanma.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

anaqram

yun. ana... – əvvəl, oxşar + gramma – hərf

Eyni hərflərin müxtəlif ardıcıllıqla birləşməsindən əmələ gələn sözlər; məs.: qısa – asqı.

Ədəbiyyatda, əsasən, poeziyada müəllifin söz ustalığını nümayiş etdirən xüsusi bədii üsul və ya nəyisə, məsələn, şəxsi məlumatları gizlətmək məqsədilə işlədilir. Müəyyən mənada söz oyunudur. Antik dövrdən bəri Avropa ədəbiyyatının bir sıra nümayəndələri öz əsərlərində bu üsula müraciət etsələr də, forma və məzmun baxımından mənasız hesab edildiyindən geniş yayılmamışdır. Şərq poeziyasında daha çox müəmmalarda istifadə olunmuşdur. Müasir dövrdə dilin tədrisi zamanı söz ehtiyatını zənginləşdirən çalışma modeli kimi istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

analogiya

yun. analogia – uyğunluq, oxşarlıq

Ədəbiyyatda geniş yayılmış bədii üsul: mahiyyəti etibarilə eyni və ya bənzər situasiyaların, obrazların təsviri.

Müasir ədəbiyyatda daha çox istifadə olunur. Müəllif nəzərdə tutduğu ideyanı daha qabarıq çatdırmaq üçün müxtəlif məkanda və ya zamanda cərəyan edən son dərəcə oxşar hadisələri təsvir edir, eyni xarakterə və ya taleyə malik obrazlar yaradır. Bununla da əsas fikrin əbədiliyi, qloballığı vurğulanır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

anastrofa

yun. anastrephein – baş-ayaq qoymaq

Üslubi fiqur: cümlə tərkibindəki sözlərin əvvəlcə düz, sonra əks sıra ilə düzülüşü.

A.-da birləşmənin mənasına xələl gəlmir, sadəcə, nitqin ekspressivliyi artır; məs.: Altdan geyinib, üstdən qıfıllandı, üstdən geyinib, altdan qıfıllandı. A. folklor dilində və klassik şeirimizdə geniş yayılıb; məs.: Başdan ayağa, ayaqdan başa. Qırıldıqca yorulduq və yorulduqca qırıldıq (M.Ə.Sabir). Müxənnət zamana, bimürvət fələk, Şamı sübhə, sübhü şama çəkirsən (Aşıq Ələsgər). Bəzi hallarda isə A. yaradan nitq vahidlərinin sintaktik funksiyalarının dəyişməsi onların ifadə etdiyi mənanı da dəyişdirir:

Azərbaycan özü boyda bir ocaqdır.

O yandıqca yaşayacaq,

Yaşadıqca yanacaqdır. (Nəriman Həsənzadə)

A.-dan doğru və yanlış fikirlər arasında ziddiyyəti daha qabarıq nəzərə çatdırmaq məqsədilə istifadə olunur. Bu halda təkririn növü sayılan A. antiteza kimi çıxış edir. Yemək üçün yaşamaq deyil, yaşamaq üçün yemək lazımdır (Sokrat). Elmi ədəbiyyatda bəzən A. əvəzinə “antimetabola”, “çarpazlama”, xiazm terminləri də işlədilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

annominasiya

lat. annominatio – söz oxşarlığı, söz oyunu

Üslubi fiqur: eyni kökə, müxtəlif morfoloji tərkibə malik sözlərin ardıcıllıqla işlədilməsi.

A. parexeza, paronomaziya, poliptot kimi üslubi fiqurların ümumi adı kimi işlənir; məs.: Papaqçının papağı olmaz (atalar sözü); Yollar yolçuların yol yoldaşıdır (C.Novruz).

Elə ayrıldıq ki, səninlə, ey gül,

Bir də ayrılıqdan ayrı düşmərik. (Rəfiq Zəka Xəndan)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti