yun. xiazmos – xaçvarı düzülüş
Üslubi fiqur: iki paralel sintaqmada sözlərin və ya cümlə üzvlərinin əks sıra ilə düzülüşü.
Terminin adı yunan əlifbasındakı “x” (xi) hərfinin xaçvarı forması ilə əlaqədardır. Adətən, X.-da təkrirlə antitezanın elementləri sintez olunur. Sokratın “Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik” aforizmi X.-a ən parlaq nümunələrdən biridir. X.-ın iki tipi fərqləndirilir:
1) Sintaktik X.: bu zaman yanaşı gələn iki cümlədən ikincisi öz sintaktik strukturuna görə birincisinə əks-simmetrik olur, yəni oradakı cümlə üzvlərini əks ardıcıllıqla təkrar edir: Sevinci bölməyə hazırdır hamı, / Heç kəs can atmır qəmi bölməyə (M.Y.Lermontov). Birinci cümlədəki “tamamlıq – xəbər – mübtəda” ardıcıllığı ikinci cümlədə əks ardıcıllıqla əvəz olunur. C.Novruzun şeirindən aşağıdakı parçanı da sintaktik X. nümunəsi hesab etmək olar: Tələsin, insanlar, şadlıq görməyə, / Qəm-qüssə görməyə gecikin bir az.
2) Semantik X.: cümlədə iki və daha artıq leksik vahidin sintaktik funksiyalarının yerdəyişməsi: Ən yaxşı insan daha çox öz fikirləri və başqalarının hisləri ilə yaşayan, ən pis insan başqalarının fikirləri və öz hisləri ilə yaşayandır (L.N.Tolstoy). Canı kim cananı üçün sevsə, cananın sevər, / Canı üçün kim ki cananın sevər, canın sevər. (M.Füzuli)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti