Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәrcümeyi-hal1

Klassik Şərq poeziyasında şeirlә yazılmış avtobioqrafik əsər.

Tərcümeyi-halda müәllifin hәyatının әsas mәrhәlәlәri, peşәsi, mәşğuliyyәti, maraq dairәsi, dostları vә s. ba­rəsindә mәlumat verilir. Tərcümeyi-hal özünün müәy­yәn ün­sürlәri ilә aşıq poeziyasındakı vücudnamələri xatırladır. Əski şairlәrin әsәrlәri onların hәyat vә fәaliyyәtini öyrәnmәk baxımından başlıca mәnbә olduğundan tәrcümeyi-halların әhәmiyyәti böyükdür. Bu mövzulu şeirlәrin konkret forması yoxdur.  Daha çox məsnəvi, yaxud müxəmməs şәklindә yazılırdı.

tərcümeyi-hal2

Bir şəxsin öz həyatının əsas məqamlarını ar­dıcıl şəkildə təsvir etdiyi yazı növü.

Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunarkən, işə götü­rü­lərkən, mükafata təqdim olunarkən, hər hansı ictimai-siyasi təşkilata üzv qəbul olunarkən şəxsdən özü haqqında ətraflı məlumat vermək tələb olunur. Tərcümeyi-hala verilən tə­ləb­lər bun­lardır: 1) şəxsin doğulduğu il, ay, gün, yer (res­publika, şəhər, rayon, kənd) dəqiq göstərilməlidir; 2) faktlar (həyatın mər­hələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətləri, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalıdır. Müasir dövrdə tərcümeyi-halın geniş yayılmış forması CV (curriculum vitae – həyatın gedişi) adlanır ki, bu forma standart blank əsasında doldurulur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tərkibbənd

Klassik Şərq və Azərbaycan poeziyasında də­yiş­kən bənd-misra və qafiyə quruluşuna malik şeir şəkillərindən biri.

Tərkibbəndlər, əsasən, məhəbbət, gözəllik mövzu­sun­da olur. Əsrlərboyu dəyişilməklə ayrı-ayrı klassiklərdə müx­təlif şəkil keyfiyyətləri alıb. Misraların sayı 6-dan 14-ə qədər dəyişir. Tərkibbəndin qafiyə quruluşu da mürəkkəb və qeyri-sabitdir. Belə ki, M.Füzulinin hər bəndi 6 misradan ibarət olan tərkibbəndlərində qafiyə quruluşu əvvəldən axıra qədər belə qurulur: hər bənddə 4 misra həmqafiyə olur, bəndin son beyti – iki misrası isə öz aralarında qafiyələnir. Bir çox hallarda hәr bәnddәn sonra ya nәqәrat şәklindә tәkrar olunan beyt, ya da hər bənddə dәyişilәn hәmqafiyә beyt gəlir. məsələn:

Ey xoş ol günlәr ki, bәzmimdә nigarım var idi,

Zövqi-dildarilә könlümdә qәrarım var idi,

Bir üzarı mah, zülfi müşkbarım var idi,

Bir cәmalı rәşki-bağü gülüzarım var idi,

Lәblәri şәkkәr, üzü gül tacdarım var idi,

Sünbülüm, sәrvim, gülüm, bağım, baharım var idi,

Bir pәri peykәr, mәlәkrüxsar yarım var idi,

Kim, hәrimi vәslinә busü kәnarım var idi,

Yar vәslindәn, qәrәz, xoş rüzgarım var idi,

Eylәmәzdim meyli-gül, ol gülüzarım var idi.

Rəşk edib dövri-zәmanә saldı firqәt, aqibәt,

Qoydu ol mahә mәni-nalani hәsrәt, aqibәt.  (S.Ə.Şirvani)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tərzi-hərəkət budaq cümləsi

Baş cümlədəki hərəkətin icra tərzini bildirən budaq cümlə.

Adətən, baş cümlədə feili xəbərə aid olan elə, belə əvəzlik-qəliblər işlənir; məs.: Elə (necə?) çığırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş və budaq cümlənin yeri sabit deyil. Baş cüm­lənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud ki tabelilik bağlayıcısı olur. Bu zaman əvəzlik-qəlibi ixtisar etmək olmur; məs.: Elə danış ki, hamı başa düşsün. Elə oxu, hamı dinləsin. Budaq cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi kimi necə, nə cür, necə ki, hər necə və s. bağlayıcı sözlər-sa2 şəkilçisi olur; məs.: Necə demişdiniz, elə də etdik. Kim necə istəyirdisə, elə də yaşayırdı.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tərzi-hərəkət zərfi

Hərəkətin icra tərzini və ya vəziy­yətini bildirən zərf.

Sualları: necə? nə cür? nə vəziyyətdə? nə tərzdə? Quruluşca sadə (cəld, sakit), düzəltmə (qəfildən, birdən) və mürəkkəb (addımbaşı, birdən-birə, yana-yana, sözarası, əvvəldən-axıra)  olur. Tərzi-hərəkət zərfləri hərə­kə­tin keyfiyyətini də bildirir; məs.: gözəl danışmaq, yaxşı bilmək və s. Tərzi-hərəkət zərfləri bəzən əlamətə (sifətə) də aid olur: Uşaq yamanca fərəhli idi. Burada “yamanca” sözü sifətlə ifadə olunmuş “fərəhli idi” ismi xəbərini izah edir. Tərzi-hə­rəkət zərfi cümlə üzvü kimi, əsasən, tərzi-hərəkət zərfliyi və­zifəsində iştirak edir; məs.: Ana uşağa həzin-həzin layla çalırdı. Rüstəm kişi Şirzada çəpəki nəzər saldı (M.İbrahimov).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tərzi-hərəkət zərfliyi

İşin, hərəkətin icra tərzini bildirən və necə? nə cür? nə tərzdə? nə vəziyyətdə? suallarından birinə cavab verən zərflik.

Tərzi-hərəkət zərfliyi feili bağlama, feili bağlama tərkibləri, tərzi-hərəkət zərfləri, qoşmalı söz və bir­ləşmələr, sual əvəzlikləri ilə ifadə olunur; məs.: Qatar yavaş-yavaş stansiyaya yaxınlaşdı. Sevda gülə-gülə ona ya­naşdı. Tərzi-hərəkət zərfliyi ismi xəbərə də aid ola bilər. Bu zaman ismi xəbər əlamət bildirən sifətlə ifadə olunur; məs.: O, kədərli vəziyyətdə də gözəl idi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təsdiq ədatları

Cümlədə ifadə olunan fikri təsdiq edən ədat­lar.

Təsdiq ədatları bunlardır: bəli, hə, aha və s.; məs.: Bəli, mən sənə etibar edirəm. Bu ədatlar bəzən söz-cümlə şəklində də işlənir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təsriflənən feillər

Şəxsə və kəmiyyətə görə dəyişə bilən feillər.

Feilin şəkilləri olan əmr, xəbər, arzu, lazım, vacib və şərt şəkilləri feilin təsriflənən formalarıdır. Təsriflənən feillər zaman, şəxs və kəmiyyət şəkilçisini qəbul edə bilir. Cümlə üzvü kimi, əsasən, feili xəbər vəzifəsində iştirak edir; məs.: Hər kəs təbiəti qorumalıdır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təsriflənməyən feillər

Şəxsə və kəmiyyətə görə dəyişə bil­məyən feillər: məsdər, feili sifət, feili bağlama.

Belə feillər feilin əsas xüsusiyyətləri (təsdiq və inkarda işlənmək, təsirli və təsirsiz olmaq, növ bildirmək və s.) ilə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşıyır: məsdər ismin, feili sifət sifətin, feili bağlama isə zərfin əla­mətlərinə malik olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti