Əsasən, nəzm əsərlərini səciyyələndirən yüksək bədii keyfiyyət: səslərin, sözlərin və s.-nin uyarlığı; harmoniya.
Bədii əsərdə ahəngdarlığı şərtləndirən poetik parametrlər çoxdur: intonasiya, ritm, bölgü, alliterasiya, assonans, təkrir (anafora, epifora), söz, ifadə gözəlliyi və s. Ahəngdarlıq – bədii dilin, üslubun vacib şərtidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. aqtos – hərəkət, hadisə, cinayət işi
Aparılmış yoxlamanın nəticəsini əks etdirmək üçün xüsusi komissiyanın iştirakı ilə tərtib olunan əməli yazı növü.
Məzmununa görə müxtəlif olur: cinayət aktı, dövlət aktı, təhvil-təslim aktı və s. Akt aşağıdakı ardıcıllıqla tərtib olunur:
1. “Akt” sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.
2. “Akt” sözünün altında aktın tərtib edildiyi tarix və yer göstərilir.
3. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
4. Yoxlama predmeti haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır.
5. Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur.
6. Aktı tərtib edənlərin imzası aktın sonunda qoyulur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaşqa dillərdən alınıb ana dilində işlədilən söz.
Azərbaycan dilində alınma sözlər mənşəyinə görə iki əsas qrupa bölünür: ərəb-fars (müəllim, pəncərə, xaric, məktəb, kitab və s.) və rus-Avropa (demokratiya, traktor, maşın, jurnal və s.) mənşəli sözlər. Alınma sözlər arasında terminlər çoxluq təşkil edir. Belə ki, yeni elmi anlayış hansı ölkədə meydana gəlirsə (kəşf, ixtira olunursa), onu ifadə edən söz də həmin xalqın dilində yaranır və sonradan başqa dillərə keçir. Dilimizdəki alınma sözlərin əksəriyyəti isimdir. Sadə feillər, şəxs əvəzlikləri arasında alınma sözlərə rast gəlinmir. Alınma sözlər dildə nitqi zənginləşdirir, onu dəqiq və ifadəli edir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaşqa dillərdən alınan şəkilçilər.
Azərbaycan dilində işlənən ərəb-fars mənşəli alınma şəkilçilərin bir çoxu alınma sözlərin şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir. Məsələn, -kar (xilaskar), -xana (kitabxana), -dar (hökmdar), -pərvər (vətənpərvər) kimi şəkilçilər alınma mənbəyində leksik mənaya malik müstəqil sözlərdir. Adətən, alınma sözlər özləri ilə bərabər alınma şəkilçilər də gətirir; məs.: a-normal, anti-faşist, separat-izm və s. Azərbaycan dilindəki alınma şəkilçilər bir cür yazılan şəkilçilərdir. Alınma şəkilçilərin hamısı leksik şəkilçilərdir. Onların arasında sözönü şəkilçilərə də rast gəlmək olur: na-ümid, bi-tərəf və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNəcib, xeyirxah dilək ifadə edən söyləmə; folklorun ən qədim janrlarından biri.
Alqış xeyirxahlıq, xoş arzular, təbrik, sevinc, mehribanlıq ifadə edir. Nəzm və nəsr şəklində olur. Konkret forma və həcmlə məhdudlaşmır. Dilimizdə etiket şəklində mövcud olduğu kimi (Ayağı yüngül olsun! Əlin var olsun! Namərdə möhtac olmayasan!), eyni zamanda bədii əsərlərdə də alqışların orijinal nümunələrinə rast gəlinir; məs.: “Qaba ağacın kəsilməsin” (“Kitabi-Dədə Qorqud”), “Möhtərəm şairə salamlar olsun! / Bu dünya durduqca o da var olsun!” (S.Vurğunun “Vaqif” dramı).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. allegoria ˂ allos – başqa cür + agoreuo – danışıram
Bədii əsərdə mücərrəd fikir və anlayışların konkret və şərti obrazlar vasitəsilə ifadəsi.
Alleqoriyadan təmsil, nağıl, habelə satirik əsərlərdə daha çox istifadə edilir. Belə bədii nümunələrdə, məsələn, tülkü surəti hiyləgərliyi, qurd acgözlüyü, aslan mərdliyi təmsil edir. M.Füzulinin “Bəngü-Badə”, “Meyvələrin söhbəti”, M.Ə.Sabirin “Ağacların bəhsi” əsərləri alleqoriyadır. Ədiblər təqib və tənqidlərə məruz qalmamaq üçün bir çox hallarda alleqoriyaya müraciət ediblər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. alliteratio ˂ lat. ad – -da (şəkilçi) + littera – hərf
Nitqdə ahəngdarlığı gücləndirmək məqsədilə eyni və ya səs məxrəci yaxın olan samit səslərin təkrarı; məs.: uma-uma döndüm muma.
Alliterasiya bədii ahəng və intonasiyanı qüvvətləndirmək, habelə əyaniliyi canlandırmaq məqsədi daşıyan ifadə vasitəsidir. Xəlil Rza şeirlərində alliterasiyadan geniş istifadə edib:
Birdən-birə qalxarmı dağ?
Daş üstünə gələr bir daş.
Təpə qalxıb dağa dönər
Yavaş-yavaş.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. anaphora – dırmanma
Şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni səs, söz və ya ifadələrin təkrarı.
Anafora fonetik, leksik və sintaktik xarakterli ola bilər.
Fonetik anafora (səslərin təkrarı):
Sənət aləmində kifayət imiş,
Sən demə, vicdansız, qansız “dahilik”. (X.R.Ulutürk)
Leksik anafora (sözlərin təkrarı):
Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox,
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox,
Sən elə bir yolçusan ki, məsləkindən dönməyin yox.
(X.R.Ulutürk)
Sintaktik anafora (söz birləşmələri və cümlələrin təkrarı):
Mən düşmənəm sizin qan içində üzən təxtü-tacınıza! Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə duran hökmranlığınıza! (C.Cabbarlı).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. anonymos – adı bilinməyən, adsız
Müəllifi bəlli olmayan imzasız əsər.
Əsərlərin anonim olmasının əsas səbəbi onların siyasi məzmunu ilə bağlı olmuşdur. Belə ki, siyasi təqiblərdən çəkinən müəlliflər öz adlarını gizlətməyə məcbur olmuşlar. İmzasız əsərin müəllifi həmin əsərin dil və üslub xüsusiyyətlərinin tədqiqi yolu ilə müəyyənləşdirilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQədim yunanların və romalıların yaratdığı ədəbiyyat.
Antik ədəbiyyata aid yazılı abidələr M.ö. I minillikdə və eramızın I minilliyinin əvvəllərində qədim yunan və latın dillərində yaradılıb. Xronoloji baxımdan yunan ədəbiyyatı daha əvvəl formalaşıb. Onun əsasını təşkil edən yunan mifologiyası, ilk növbədə, M.ö. VIII əsrdə yaşamış Homerin “İliada” və “Odisseya” əsərlərində əksini tapıb. Böyük tarixi dövrü əhatə edən antik ədəbiyyat dünya mədəniyyətinin əsas təməllərindən olub, buradakı obraz və süjetlər dünya ədəbiyyatının aparıcı motivlərini təşkil edib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. anthi – əks + thesis – fikir
Bədii nitqdə fikri daha təsirli ifadə etmək üçün anlayışların, obrazların, situasiyaların qarşılaşdırılması; bədii təzad.
Antitezadan yalnız bədii, publisistik ədəbiyyatda deyil, həm də şifahi nitqdə tez-tez istifadə olunur; məs.: Avtomobil dəbdəbə deyil, nəqliyyat vasitəsidir. Bir çox hallarda antiteza söz birləşməsi və ya cümlə daxilində əksmənalı sözlərin – antonimlərin işlədilməsi ilə müşayiət olunur; məs.: “Hərb və sülh” (L.Tolstoy). Gecənin xeyrindən səhərin şəri yaxşıdır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. anthologia – rənglər toplusu
Müxtəlif yazıçıların seçilmiş əsərlərindən və ya folklor nümunələrindən ibarət məcmuə, toplu.
Әdəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (M.ö. 60-cı illər) tərtib edib. Onun “Çələng” adlı antologiyasına öz əsərlərindən əlavə, qırx altı şairin şeiri daxil idi. Orta əsrlərdə Şərqdə geniş yayılmış təzkirələr antologiyanı xatırladır. Azərbaycanda ilk antologiyanı H.Ə.Qayıbov («Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir»; 4 cilddə) tərtib edib. Müasir dövrdə hər hansı bir xalqın ədəbiyyatından seçilmiş nümunələri özündə ehtiva edən məcmuələrə də antologiya deyilir: “Azərbaycan ədəbiyyatı antologiyası”, “Türk xalqları ədəbiyyatı antologiyası” və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLeksik mənalarına görə bir-birinin əksi olan sözlər.
Antonim sözlərin kökləri fərqli olur: hündür – alçaq, getmək – gəlmək və s. Morfoloji yolla yaradılan əksmənalılıq antonim sayılmır; məs.: duzlu – duzsuz, oxumaq – oxumamaq kimi sözlər bir-birinə əksmənalı olsa da, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonimlər eyni nitq hissəsinə aid olur. Bәdii əsərdә belә sözlәrin işlədilmәsi müəllifin ifadә etdiyi fikrin oxucuya qabarıq şәkildә çatdırılmasına kömək edir: Dost başa baxar, düşmən ayağa (atalar sözü). Bunsuz gündüz olur qaranlıq gecә (H.Cavid).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti